...

“Layihəmizin səsi Britaniyanı tərpədibsə, deməli, hədəfə çatmışıq”

Cəmiyyət Materials 9 İyul 2015 14:52 (UTC +04:00)
Azərbaycan və Ermənistan jurnalistləri arasında informasiya mübadiləsini təşkil etmək kimi “incə” maraqlar güdən Britanıyanın Sülh və Müharibənin İşıqlandırılması İnstitutunun həyata keçirdiyimiz layihəyə verdiyi reaksiyada təəccüblü heç nə yoxdur. Bu layihənin hədəfləri sözügedən institutun məqsəd və məramına ziddir.
“Layihəmizin səsi Britaniyanı tərpədibsə, deməli, hədəfə çatmışıq”

Azərbaycan, Bakı, 9 iyul /Trend/

"Azərbaycan və Ermənistan jurnalistləri arasında informasiya mübadiləsini təşkil etmək kimi "incə" maraqlar güdən Britanıyanın Sülh və Müharibənin İşıqlandırılması İnstitutunun həyata keçirdiyimiz layihəyə verdiyi reaksiyada təəccüblü heç nə yoxdur. Bu layihənin hədəfləri sözügedən institutun məqsəd və məramına ziddir. Biz bilirdik ki, gördüyümüz işin səsi çox-çox uzaqlara gedib çıxacaq və çıxdı da. Bu həm də hədəfə çatdığımıza işarədir".

Trend-in məlumatına görə, bunu Jurnalist Ekspert Mərkəzinin(JEM) İdarə Heyətinin sədri Nicat Dağlar QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Diqqət, düşmən mətbuatıdır!" layihəsinin Sülh və Müharibənin İşıqlandırılması İnstitutu(SMİİ) tərəfindən "ifadə azadlığına qarşı fəaliyyət" kimi qiymətləndirilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, SMİİ öz işini əsasən münaqişələrin olduğu ölkələrdə qurur və bu ölkələrin jurnalistlərindən ibarət böyük bir şəbəkə şəklində fəaliyyət göstərir: "Layihəmizə belə bir rekasiya veriləcəyini gözləyirdik. Çünki gördüyümüz iş bu kimi institutların elan etdiyi prinsiplərə cavab vermir. Bunlar istəyirlər ki, hərbi sahəyə aid informasiyalar da açıq olsun və şəbəkə üzvləri bu informasiyaları rahat şəkildə ümumi bazaya ötürə bilsinlər. SMİİ-nin Ermənistanda da nümayəndəliyi var. Bu ölkənin jurnalistləri Cənubi Qafqaz Şəbəkəsinin işində fəal şəkildə iştirak edirlər. Bu institutun təmsilçiləri dəfələrlə Dağlıq Qarabağa səfər edib və oradakı separatçı rejimin rəhbərliyi ilə müxtəlif görüşlər keçiriblər. Hətta SMİİ-nin təcrübəsində Dağlıq Qarabağdakı erməni jurnalistlərin ayrıca ölkə təmsilçiləri kimi treninq və seminarara dəvət olunması kimi faktlar da var. Biz bu institutun fəaliyyətini diqqətlə izləyirik və ölkəmizə qarşı münasibətindən də xəbərsiz deyilik. Qayane Mkrtçyanın, Armen Karapetyanın Ermənistan haqqında yazdıqlarını da oxuyuruq, Nurgül Novruzovanın, Əfqan Muxtarlının Azərbaycan haqqında yazdıqlarını da. Ara Arutunyanın Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma parlament seçkisi barədə yazdıqlarını, "Qarabağ müxalifəti parlamentdə yer aldı" kimi başlıqlarını da nəzərdən qaçırmamışıq".

N.Dağlar qeyd edib ki, həyata keçiridikləri "Diqqət, düşmən mətbuatıdır" layihəsinin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirr təşkil edən, milli təhlükəsizliyə xələl yetirən, təxribat xarakterli informasiyaların yayılmasının qarşısını almaqdır: "SMİİ isə deyir ki, yox, bu ifadə azadlığına qarşı yənəlmiş fəaliyyətdir. Bunların istədiyi odur ki, müharibə şəraitində olan, torpaqları işğal olunmuş ölkədə hərbi sahəyə aid informasiyalar da əlçatan olsun və SMİİ-nin "hərtərəfli işıqlandırma" prinsiplərinə xələl yetirilməsin. Bizə maraqlıdır, bu adamların Böyük Britaniyanın qanunvericiliyindən xəbərləri varmı? Bilirlərmi ki, Britaniyada dövlət sirri necə mühafizə olunur və onun yayılmasına görə hansı sərt cəzalar nəzərdə tutulur? Xəbərləri yoxdursa, onda heç olmasa 1990-cı ildə qüvvəyə minmiş Böyük Britaniyanın Dövlət Sirri Haqqında Qanununu açıb 1-ci, 2-ci, 5-ci və 6-cı bölmələrini diqqətlə oxusunlar. Görəcəklər ki, bizim mətbuata çıxarlmasına qarşı olduğumuz informasiyalar onların təmsil etdikləri dövlətdə daha sərt qanunlarla qorunur. Biz deyirik ki, müharibə şəraitində olan ölkədə Ordu ilə bağlı mənşəyi bəlli olmayan informasiyalar yaymaq olmaz. Biz deyirik ki, müharibə şəraitində olan ölkədə hərbi əməliyyatlarla bağlı məlumatlar əsasən rəsmi mənbəyə söykənməli və torpaqlarımızı işğal etdiyinə görə düşmən tərəf hesab olunan Ermənistanın media qurumlarının yaydığı təxribat xarakterli informasiyalara istinad olunmamalıdır. Bunlar deyir yox, bu, ifadə azadlığına qəsddir. Dövlər sirrinin yayımasına görə 14-15 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edən bir dövləti - Böyük Britaniyanı təmsil edən institut məsələyə belə primitiv formada yanaşırsa, biz buna ancaq gülə bilərik. Həyata keçirdiyimiz layihə ilə bağlı hazırlanmış material qeyri-ciddiliyin çılpaq formalarından biridir. Onu hazırlayan jurnalist gördüyümüz işin yalnız bir elementini götürüb layihənin mahiyyətini qoyduğu sualdaca təhrif edirsə və layihənin mövzusu kontekstdən çıxarılaraq təqdim olunursa, bu artıq SMİİ-nin özünün "peşəkar jurnalistikanın imkanlarından yararlanmaq" kimi prinsipinin pozulması deməkdir. Bu tip materialları Azərbaycanda hələ 1997-1998-ci illərdə redaktorlar cırıb atırdılar. Sual düzgün qoyulmayıbsa, müsahiblər ancaq öz siyasi maraqlarından çıxış edirlərsə və layihəni icra edən təşkilatın, yəni JEM nümayəndələrinin mövqeyi yoxdursa, həmin materialı dərc edib belə gülünc vəziyyətə düşməkdənsə, onu ən yaxşı halda yenidən işlənilməsi üçün junalistin özünə qaytarmaq lazım idi".

N.Dağlar sonda qeyd edib ki, aparılan monitorinqin nəticələrinə görə, sözügedən instituta, onun yaratdığı Cənubi Qafqaz Şəbəkəsinə lazım olan informasiyaların Azərbaycan mətbuatında yayılması halları nəzərəçarpacaq dərəcədə azalıb: "Onların əndişəsi də elə buradan qaynaqlanır. Azərbaycan jurnalistləri indi Ermənistan mətbuatının yazdılqarına yox, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara üstünlük verir. Bu, uzun müddətdir müxtəlif səviyyələrdə aparılan işin nəticəsidir. Bu nəticənin əldə olunmasında bizim də zərrə qədər əməyimiz olubsa, buna görə ancaq sevinə bilərik. Müharibə şəraitində olan ölkənin mətbuatı hansısa institutların deyil, dövlət maraqlarının keşiyində dayanmalı, hərbi sirr təşkil edən informasiyaların işğalçı ökə jurnalistlərinə ötürülməsinə imkan yaratmamalıdır. İnanırıq ki, Böyük Britaniyanın Sülh və Müharibələrin İşıqlandırılması İnstitutu axtardığı informasiyaları bundan sonra da Azərbaycan mətbuatında tapa bilməyəcək. Belə bir layihəni maliyyələşdirdiyinə görə QHT Şurasına və bu layihəyə dəstək vermiş Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti