...

Yolumuzun uğurları - pillə-pillə irəli

Cəmiyyət Materials 10 İyul 2015 11:44 (UTC +04:00)
“Planınız 1 illikdirsə-düyü əkin, 10 illikdirsə-ağac əkin, 100 illikdirsə-insanlara təhsil verin”.
Yolumuzun uğurları - pillə-pillə irəli

Azərbaycan xəbərlər xidməti

İlhamə İsabalayeva

"Planınız 1 illikdirsə - düyü əkin, 10 illikdirsə - ağac əkin, 100 illikdirsə - insanlara təhsil verin". Qədim Çin atalar sözünün təsdiqə ehtiyacı olmasa da, bu gün "Təhsildə kimi seçirik" sualına cavabın axtarılması qaçılmazdır. Təhsilin parlaq inkişafı üçün vacib məqamlardan biri də məhz abituriyentlərin biliyinin düzgün qiymətləndirilməsidir ki, bu prosesi də müəyyən edilmiş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) həyata keçirir. Bəs abituriyentlərin seçimlərinin şəffaf, obyektiv təşkili üçün TQDK hansı yenilikləri gündəmə gətirir?

Prosesə qlobal yanaşılsa da, yeni milli modelin yaradılması üzərində işlər davam etdirilir

Ötən müddət ərzində biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə əsaslanaraq, qəbul imtahanlarının məzmunu, modeli və s. ilə bağlı bir çox yeniliklərə imza atan, təcrübəsi dünya səviyyəsində qəbul olunan TQDK zaman-zaman yeni layihələrini ortaya qoyur. Bu təcrübələri gündəmə gətirməzdən əvvəl digər ölkələrin tələbə qəbulu sistemindəki qabaqcıl təcrübəsini öyrənsə də, komissiya indiyədək heç bir ölkənin qəbul sistemini olduğu kimi təlqin və tətbiq etməyib. Prosesə qlobal yanaşılmasına baxmayaraq, yeni milli modelin yaradılması üzərində işlər daim davam etdirilib və etdirilir. TQDK-nın tələbə qəbulu sistemindəki builki yenilikləri də bu baxımdan istisna deyil.

Bir dəfəyə iki şans

Builki qəbul kampaniyasının ən əsas yeniliklərindən biri ixtisas qruplarının sayının artırılaraq 5-ə çatdırılması və xüsusi qabiliyyət tələb edən ixtisasların daxil olduğu (I ixtisas qrupuna daxil olan Memarlıq və Dizayn (memarlıq və dizayn istiqaməti) ixtisasları istisna olmaqla) V ixtisas qrupunun yaradılması oldu.

Azərbaycanda ali məktəblərə qəbul zamanı 5 qrupun olması təcrübəsi bir necə il əvvəl olsa da, 2007-2008-ci tədris ili üçün qəbul aparılarkən qəbul imtahanlarının modelində müəyyən dəyişiklik edildi. Həmin vaxta qədər 5 olan qrupların sayı azaldılaraq yenidən 4-ə endirildi. V qrupa aid olan pedaqogika və psixologiya ixtisasları III qrupa, sosiologiya ixtisası II qrupa yerləşdirildi.

Qəbul sisteminə yeni təcrübə gətirən dəyişiklik

Bəzi şəxslər bir necə ildən sonra ixtisas qruplarının sayının yenidən artrırılaraq 5-ə çatdırılmasını ilk görünüşdən yalnız kəmiyyətin artmasına xidmət edən bir yenilik hesab edə bilərlər. Əslində isə bu yenilik qəbul sisteminə tamamilə yeni bir təcrübə gətirdi. Ən əsası, yeni qrupun təşkili ilk dəfə olaraq, iki ixtisas qrupu üzrə ali məktəblərə qəbul müsabiqəsində iştirak hüququ qazandırmaqla, abituriyentlərin imkanlarını genişləndirib. I-IV ixtisas qruplarından biri üzrə sənəd verməsinə baxmayaraq, bu il həm cari, həm də əvvəlki illərin məzunlarının eyni zamanda V qrup üzrə ərizə vermək hüquqları da olub. Yenilik abituriyentin eyni vaxtda iki ixtisas qrupu üzrə müsabiqədə iştirakına imkan verib. Ancaq hər iki müsabiqədə uğur qazanacağı təqdirdə iki ixtisasdan hansına üstünlük verəcəyi abituriyentin öz seçimidir.

Gələcək illərə hesablanmış addım - nəticəni 4-5 ildən sonra görəcəyik

Mütəxəssislər xüsusi qabiliyyət tələb edən ixtisasların cəmləşdiyi V qrupun yaradılmasını faydalı, gələcək illərə hesablanmış bir addım sayırlar.

Onların fikrincə, yeni qrupda istedad aparıcı amil olduğundan yenilik istedadların yetişməsinə, onların daha yaxşı üzə çıxarılmasına imkan yaradacaq. Bu qrupun yaradılmasının faydası isə özünü bu il deyil, 4-5 il sonra daha yaxşı göstərəcək.

Xüsusi istedadlı abituriyentlər üçün ayrıca ixtisas qrupunun yaradılmasını yeni təcrübə sayan Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev Trend-ə deyib ki, indiyədək Azərbaycanın tələbə qəbulu sistemində abituriyentlər üçün bu şəkildə ayrıca ixtisas qrupunun yaradılması təcrübəsi olmayıb.

V qrupun yaradılması öz bacarığı ilə öz "yolunu tapmaq" istəyənlərin qarşısına çıxan baryerləri qaldırdı

Ə.Ağayevin sözlərinə görə, istedadı olan abituriyentlərə aid olan V qrupun yaradılması öz bacarığı ilə öz "yolunu tapmaq" istəyən abituriyentin qarşısında bu yolda yaranmış müəyyən maneələri aradan qaldırdı: "İstedadı olan abituriyentlər bəlkə də riyaziyyatdan, hər hansı dəqiq fəndən aşağı qiymət ala bilərlər. Amma abituriyent yüksək istedada malikdir. Məsələn, ondan peşəkar heykəltəraş ola bilər. V qrupun yaradılması ilə bu maneələr aradan qalxır ki, istedadlı şəxs öz yolu gedə bilsin."

Növbəti yenilik - kolleclərə qəbulun dəyişdirilməsi

Azərbaycanda buraxılış imtahanlarının nəticələrinin nəzərə alınması barədə fikirlər hələ bir necə il əvvəl səsləndirilsə də, bu imtahanların tələbə qəbulu zamanı nəzərə alınması təcrübəsi ilk dəfə ötən il ortaya qoyuldu. Keçən ildən başlayaraq 9 illik təhsil bazasında kolleclərə qəbulu həmin ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən aparılmağa başlanıldı. Bu ildən isə yeniliyin əhatə dairəsi daha da genişləndirilib. Bu il artıq kolleclərə qəbul olmaq istəyən abituriyentlər əvvəlki illərdə olduğu kimi I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə qəbul imtahanında iştirak edərək topladıqları bala əsasən müsabiqədə iştirak etmirlər. Bu il ilk dəfə olaraq, tam orta təhsil bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələri əsasında aparılır.

Tələbə qəbulu sistemində vahid qəbul imtahan modelinə doğru

Buraxılış imtahanlarının tələbə qəbulu zamanı nəzərə alınmasını ölkənin tələbə qəbulu sistemində vahid qəbul imtahan modelinə doğru gedən bir addım kimi dəyərləndirmək olar. Hələ ötən ilin sonunda açıqlama verən təhsil naziri Mikayıl Cabbarov da bildirmişdi ki, TQDK ilə birgə əldə edilən razılığa əsasən, 2015-2016-cı tədris ili üzrə bəzi ixtisaslara qəbul vahid imtahan modeli əsasında aparılacaq. Nazir bu istiqamətdə islahatların tədricən davam edəcəyinə də əminlyini ifadə edib.

Bütün bunlar, eyni zamanda proseslərin hazırkı inkişaf xətti onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycanda ümumiyyətlə, qəbul imtahanlarının keçirilməsi ləğv edilə və tələbə qəbulu bütünlüklə buraxılış imtahanlarının nəticələri əsasında aparıla bilər.

Təhsil üzrə ekspert Asif İsgəndərov Trend-ə bildirib ki, hər iki imtahan TQDK tərəfindən keçirildiyindən onları vahid imtahan formasına salmaq lazımdır. Amma ekspert bu fikirdədir ki, modelə daha qısa zaman ərzində, gecikmədən keçilməsi daha faydalı olar. Onun sözlərinə görə, buraxılış imtahanları ilə qəbul imtahanları ən gec halda 2016-ci ildə birləşdirilməli və vahid imtahan sistemi yaradılmalıdır: "Orada bloklar ola bilər. Kim ali məktəbə qəbul olmaq istəyirsə, o bloka aid sualları cavablandıra bilər. Bununla da abituriyentin səviyyəsi müəyyən oluna bilər".

Psixoloqlar: "İmtahanların vahid formada keçirilməsi gənclərin sağlamlıq durumuna müsbət təsir göstərəcək"

Buraxılış imtahanlarının tətbiqi dairəsinin genişləndirilməsinin digər tərəflərinə gəldikdə, psixoloqların fikrincə, buraxılış imtahanlarının nəticələrinin nəzərə alınması bir çox məzunları əlavə qəbul imtahanı vermək stressindən də qurtarır.

Onların qənaətinə görə, buraxılış imtahanlarından bir qədər sonra qəbul imtahanının keçirilməsi gənclərdə emosional gərginliyi artırır. Bu imtahanların vahid formada keçirilməsi isə gənclərin sağlamlıq durumuna müsbət təsir göstərir.

Şagirdləri ilə daim təmasda olan Bakının Xəzər rayonunun 230 saylı orta məktəbinin direktoru Elşən Qafarov da buraxılış imtahanlarının nəticələrinin qəbul zamanı nəzərə alınmasının tərəfdarıdır və buna görə də hazırkı yeniliklərin tətbiqini düzgün hesab edir. Onun fikrincə, vahid imtahan modeli orta təhsil sistemindəki bir çox neqativ halların baş verməsinin qarşısını alan ən yaxşı çıxış yoludur.

Bəs niyə xarici dil və ya kimya?

Bu il tətbiq edilən digər əsas yenilik buraxılış imtahanı fənlərinin sayının artırılması oldu. Bu ildən başlayaraq, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyatla yanaşı, xarici dil üzrə də keçirilib. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri isə buraxılış imtahanında xarici dil fənninin əvəzinə kimya fənnindən imtahan veriblər.

Ekspertlər hər iki fənnin imtahan fənni kimi seçilməsini təsadüfi saymırlar.

Çünki hazırkı dövrdə xarici dil bilmək dünyaya çıxışı təmin edir, o, olmadan dünya elminə inteqrasiya etmək mümkün deyil. Digər tərəfdən, bu gün dünyada, eləcə də Azərbaycanda kimya sənayesinin inkişafına üstünlük verilir. Bu baxımdan hər iki fənnin seçilməsi günün tələblərinə cavab verir.

Ekspertlərdən təkliflər də var

Ekspertlər bu addımı təqdirəlayiq hesab etsələr də, bəzi təkliflərini də açıqlayırlar. Həmin təkliflərdən isə belə aydın olur ki, onlar daha çox buraxılış imtahanı fənlərinin sayının artırılmasının tərəfdarıdırlar. Məsələn, Ə.Ağayev təklif edir ki, buraxılış imtahanlarının ən azı, 4-5 fənn üzrə keçirilməsi daha yaxşı olardı. O, yeni imtahan fənlərinin Azərbaycan tarixi və coğrafiyası olmasını daha məqsədəuyğun sayır. Ə.Ağayevin qənaətinə görə, həmin fənlərin əlavə edilməsi şagirdlərin Azərbaycan tarixi və coğrafiyasını daha mükəmməl öyrənməyə məcbur edəcək.

Ekspert Asif Cahangirov da imtahan fənləri siyahısına xarici dil (xarici dil tədris olunmayan məktəblərdə kimya) fənninin əlavə olunmasını dəstəkləyir, amma düşünür ki, buraxılış imtahanları fənlərinin sayı 5-6-ya çatdırılmalıdır.

Məktəb direktoru Elşən Qafarov da bu fikirdədir ki, buraxılış imtahanlarının yalnız 2-3 fənn üzrə olması şagirdlərin digər fənlərə olan marağını azaldır və ya heçə endirir. Buna görə də buraxılış imtahanlarının sayı artırılmalıdır. Bu il 11-ci sinif şagirdlərinin buraxılış imtahanında xarici dildən imtahan verməsini düzgün sayan direktor da təklif edir ki, məzunlar buraxılış imtahanında heç olmasa, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasından da imtahan versinlər.

45 qurumun yer aldığı siyahıda ilk yerin sahibi

Onu da qeyd etmək yerinə düşər ki, TQDK fəaliyyətində elektron xidmətləri tətbiq edən və bu prosesi daim genişləndirən ilk azsaylı qurumlardan biridir. "Elektron hökumət" portalında bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 15 elektron xidməti inteqrasiya edilib. Bu sahədə də kifayət qədər yeniliklərə imza atan qurumun elektron xidmətlərindən indiyə qədər milyondan artıq insan yararlanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2015-ci ilin iyun ayı ərzində bütün qurumlar üzrə "Elektron Hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə təqdim etdiyi statistikaya əsasən, TQDK 45 qurumun yer aldığı siyahıda ilk yerin sahibi olub. Belə ki, təkcə bir ayda qurumun 15 elektron xidmətindən istifadə sayı 598561- çatıb.

Beləliklə, müxtəlif elektron xidmətləri tətbiq etməklə abituriyentlərin vaxtını dəyərləndirən və onların rahatlığını fikirləşən TQDK-nın builki yeniliklərindən biri də qəbul kampaniyasının ən mühüm tərkib hissələrindən olan ərizə qəbulu ilə bağlı olub. Komissiya bu il ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər üçün səyyar SQK-lar yaratdı. Bununla da abituriyentlərin rahatlığını təmin, vəsaitlərinə qənaət etmiş oldu.

İlin texnoloji yeniliyi

Bu il ilk dəfə olaraq, həm buraxılış, həm də qəbul imtahanlarında texnoloji yenilik də tətbiq edilib. İmtahanda iştirak edənlərə təqdim edilən "Sual kitabçaları"nda onların ad və soyadları, kodları da qeyd edilib. Bunların əlavə edilməsini isə sadə texniki dəyişiklik kimi qəbul etmək lazım deyil. Çünki bu yenilik TQDK-ya yaxın illər ərzində yeni növ imtahan formasına keçməyə imkan verəcək ki, həmin növ imtahanlarda da yalnız "Cavab kartları" deyil, həm də "Sual kitabçaları" yığılacaq. Bu texnoloji yenilik imtahanlarda hazırda çox az hallarda rast gəlinən köçürmə hallarının baş verməsinin qarşısını alacaq.

Komissiya SAT imtahanı keçirməyə də başlayıb

TQDK bu il ilk dəfə olaraq, nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verən SAT imtahanını (şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanını) da keçirməyə başlayıb. Dünya miqyasinda qəbul edilən bu imtahanların komissiya tərəfindən keçirilməsi isə qurumun fəaliyyətindəki şəffaflığı bir daha təsdiqləyir.

Açıq tipli sualların sayının artırılması bizə nə qazandırır?

Azərbaycanda test sisteminin tətbiq edildiyi 1992-ci ildən 2010-cu ilədək qəbul imtahanlarında abituriyentlərə yalnız qapalı tipli test tapşırıqları təqdim olunsa da, 2011-ci ildə ilk dəfə olaraq ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında açıq testlərdən istifadə edilməyə başlanıldı. Həmin ildə bütün ixtisas qruplarında riyaziyyat fənnindən təqdim edilən testlərin tərkibində 20 test tapşırığı qapalı, 5-i isə açıq tipli olmuşdu.

Getdikcə açıq testlərə daha çox üstünlük verən TQDK bu il də açıq tipli test tapşırıqlarının daxil olduğu fənlərin sayını artırıb. Builki qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayı 1 ədəd azaldılır və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarından istifadə edilir. Bu il hər ixtisas qrupunda 3 fənn üzrə hər birində 4 ədəd açıq tipli test tapşırığı istifadə ediləcək. Belə ki, I ixtisas qrupunda riyaziyyat, fizika və kimya; II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili; III ixtisas qrupunda riyaziyyat, tarix və ana dili; IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən açıq tipli test tapşırıqları təqdim olunacaq. Qeyd etmək lazımdır ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək.

Ekspertlərin fikrincə, abituriyentlərə daha çox sayda sərbəst testlərin verilməsi uşaqlarda təfəkkürün inkişafına, verilən tapşırıqların həll edilərək cavabının tapılmasına şərait yaradacaq. Bu da uşaqların təfəkkürünün inkişafı üçün yeni imkanlar açır.

Açıq testlərə verilən üstünlük son illərdə bir çox mütəxəssislərin test sistemində irad bildirdiyi "təsadüfilik" amilini də aradan qaldırır. Həqiqətən də müəyyən qədər razılaşmaq olar ki, qapalı test suallarını cavablandıran bəzi abituriyentlərin şansı da rol oynayır. Qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir.

Ancaq artıq getdikcə daha çox istifadə edilən açıq suallar belə abituriyentlərin şanslarını minimuma endirir. Artıq bir necə il istifadə edilən açıq testlə bağlı indiyədək aparılan təhlillər də göstərir ki, belə testlər abituriyentlərin bilik və bacarıqlarının hərtərəfli şəkildə üzə çıxarılmasına, əldə olunmuş biliklərin praktikada tətbiqi mexanizmlərinin inkişaf etdirilməsinə, mənimsənilən tədris materiallarının yoxlanılmasına, xüsusilə də qiymətləndirmədə yüksək hazırlıqlı abituriyentlərin fərqləndirilməsinə, qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü, analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini bir-birindən fərqləndirməyə imkan verir.

6 ixtisas üzrə müsabiqəyə buraxılma şərtlərinin dəyişdirilməsi nəyi dəyişəcək?

Bu il ilk dəfə olaraq, I ixtisas qrupuna daxil olan 6 ixtisas üzrə müsabiqəyə buraxılma şərtləri dəyişdirilib. Bu yeniliyə əsasən, 2015/2016-cı tədris ilində I ixtisas qrupunda geologiya ixtisası üzrə müsabiqədə iştirak üçün tələb olunan minimal bal 300, kompüter elmləri üzrə 300, elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi üzrə 250, informasiya texnologiyaları və sistemləri mühəndisliyi üzrə 250, inşaat mühəndisliyi üzrə 250, nəqliyyat tikintisi mühəndisliyi üzrə 250 bal olmalıdır. Müsabiqədə iştirak üçün tələb olunan minimal balların artırılması Təhsil Nazirliyinin təklifi olsa da, TQDK bunu dəstəkləyib.

TQDK sədri M.Abbaszadə bu fikirdədir ki, minimal balların artırılması həmin ixtisaslar üzrə təhsil alacaq tələbələrin akademik göstəricilərinə də təsir edəcək. Onun sözlərinə görə, qəbul imtahanında yüksək bal toplayan tələbənin akademik göstəriciləri də yüksək olur.

İnkişafa doğru getmək istəyən bunları özündə toplayaraq irəliləməlidir

İnkişaf üçün cəsarət, inam, risk, səriştə, təcrübə və nəhayət, yenilik lazımdır. İnkişafa doğru getmək istəyən bunları özündə toplayaraq irəliləməlidir. Böyük əminliklə demək olar ki, bunları özündə tapan TQDK-nın builki yenilikləri də tələbə qəbulunda qarşıya qoyulan əsas məqsədin reallaşmasına, yəni seçdiyi ixtisas üzrə təhsilalma qabiliyyətinə malik olan abituriyentlərin daha yaxşı seçilməsinə imkan yaradacaq. Bu isə son nəticədə tələbə qəbulu üzrə göstəricilərin yaxşılığa doğru dəyişməsinə və təhsilin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaq.

..."Öz yolu ilə gedən yorulmaz" deyib atalarımız. Əgər bu yol düzgün seçilibsə, onunla cəsarətlə, inamla irəliləyirsənsə, sözsüz ki, bu yol səni ancaq uğurlara qovuşdura bilər. Belə bir yolu quran və ondan faydalanan hər kəs ancaq uğurların şahidi ola bilər. Necə ki, indi qovuşdurur və şahidi olur...Yolunuz açıq olsun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti