...

İnterpolun Milli Mərkəzi Bürosu beynəlxalq axtarışa verilmiş 50 nəfərin yerini müəyyən edib

Cəmiyyət Materials 10 İyul 2015 18:07 (UTC +04:00)
Ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13.533 cinayət qeydə alınıb.
İnterpolun Milli Mərkəzi Bürosu beynəlxalq axtarışa verilmiş 50 nəfərin yerini müəyyən edib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

"Ötən dövrdə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 13.533 cinayət qeydə alınıb. Onların 87 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 15 faizini ağır və xüsusilə ağır növlər təşkil edib".

Trend-in məlumatına görə, bunu iyulun 10-da Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

V.Eyvazov deyib ki, cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb. Belə ki, həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərlə şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürməyə cəhdlər 12,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 13,7 faiz, xuliqanlıqlar 3,2 faiz azalıb.

Qeyd olunub ki, cinayətlərin açılmasına yönəlmiş əməliyyat-axtarış tədbirləri və prosessual fəaliyyət zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasında başlıca vəzifələr olaraq həyata keçirilib.

Ümumi cinayətlərin açılması 4,2 faiz yaxşılaşaraq 84,3 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 1,9 faiz, qəsdən adam öldürmələrin açılması 11,2 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 14 faiz yaxşılaşıb. Banditizm, adam oğurluğu və insan alveri cinayətlərinin açılması tam təmin olunub.

Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində "isti izlər"lə 467, prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 217, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılıb.

Məruzəçi bildirib ki, xidməti funksiyaların həyata keçirilməsində müasir iş metodlarının, o cümlədən informasiya texnologiyalarının tətbiqi də müsbət nəticələr verib. "102" Zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb. "Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 0,4 faiz yaxşılaşıb, istintaqdan və məhkəmələrdən yayınan 1184 nəfər, müqayisə edilən dövrə nisbətdə isə 5,2 faiz çox şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 50 və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən olunub.

Xidməti fəaliyyətdə böyük önəm verilən məsələlərdən olan mütəşəkkil cinayətkarlığın qarşısının alınması sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 455 ağır və xüsusilə ağır cinayət törətmiş 142 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 68 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Hesabat dövründə müstəntiqlərin icraatında 13.714 cinayət işi olub, prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,3 faiz yaxşılaşaraq 77,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti