...

Təhsil Nazirliyi müsabiqə qaliblərini mükafatlandırdı

Cəmiyyət Materials 15 İyul 2015 17:18 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında “Maarifçi mətbuat” devizi altında təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
Təhsil Nazirliyi müsabiqə qaliblərini mükafatlandırdı

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında "Maarifçi mətbuat" devizi altında təşkil edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, tədbirdə həm də nazirliyin internet saytının (www.edu.gov.az) yeni versiyasının təqdimat mərasimi keçirilib. Qeyd edilib ki, müasir tələblərə cavab verən sayt məzmun, dizayn, istifadəçi rahatlığı, texniki imkanlar və interaktivlik baxımından əsaslı şəkildə yenilənib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən dolğun məlumatlar yerləşdirilib.

Saytda Təhsil Nazirliyi rəhbərliyinin qəbul günləri, nazirlik sistemində fəaliyyət göstərən "Qaynar xətt" xidmətləri, nazirliyin struktur rəhbərlərinin əlaqə vasitələri, elektron müraciət, interaktiv və informativ xidmət bölmələri və nazirliyin elektron poçt ünvanları qeyd olunub. Qanunvericilik bölməsində təhsil sahəsinə dair normativ-hüquqi sənədlər yer alıb.

Təhsilin bütün pillə və səviyyələri üzrə aparılan yeniliklər və islahatlar barədə saytdan ətraflı məlumat almaq mümkündür. İstifadəçilər rahat menyu sistemi və çoxpilləli axtarış mexanizmi vasitəsilə istədikləri məlumatı rahat şəkildə taparaq sosial şəbəkələrdə paylaşa, şrifti böyüdüb-kiçildə, elektron poçt vasitəsilə göndərə və ya çap edə bilərlər. Saytın proqram təminatı və informasiya təhlükəsizliyi də ən yüksək səviyyədə qorunur.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq, Azərbaycan milli mətbuatının 140 illik yubileyi respublikamızda geniş şəkildə qeyd edilməkdədir. Nazir 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrini təbrik edib və təhsil mövzusunda ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

M.Cabbarov qeyd edib ki, Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi münasibətilə təhsil mövzusunda cəmiyyətin məlumatlandırılmasında fəal iştirak edən jurnalistlər arasında "Maarifçi mətbuat" devizi altında Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqənin əsas məqsədi təhsil proseslərinin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsildən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək və KİV-lə səmərəli əməkdaşlığın inkişafına təkan verməkdir.

Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" və hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti