...

Allahşükür Paşazadə Patriarx II İliyanı Azərbaycana dəvət edib

Cəmiyyət Materials 29 İyul 2015 17:24 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Allahşükür Paşazadə Patriarx II İliyanı Azərbaycana dəvət edib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Pravoslav kilsəsinin mitropoliti, Gürcüstan Patriarxlığının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gerasim Şaraşenidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı səmimi salamlayan Şeyxülislam A.Paşazadə Qafqazın müdrik ağsaqqalı, gürcü xalqının dini lideri - Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinə dərin ehtiram və xeyir-dualarını yetirməyi xahiş etdi. Hər zaman böyük qardaşı kimi dərin hörmət bəslədiyi gürcü Patriarxı ilə hər bir görüşünü məmnunluqla xatırladığını bildirən QMİ sədri Azərbaycan xalqının dostu Patriarx II İliya həzrətlərini ölkəmizə səfər etmək üçün dəvət etdi.

Şeyxülislam əmin olduğunu bildirdi ki, bu səfər də Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlığı, Qafqazda mehriban qonşuluq əlaqələrinin inkişafı üçün olduqca dəyərli olacaq və bu əlaqələrin daha da dərinləşməsi istiqamətində dini liderlər olaraq əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.

Azərbaycanda müxtəlif din ardıcılları arasında mövcud dini tolerantlıq nümunəsini özləri üçün dəyərli örnək kimi qiymətləndirən qonaq, Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə xələl gətirmək istəyində olanların mənfur istəklərinə çatmayacaqlarını xüsusi vurguladı.

Səmimi şəraitdə keçən görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Patriarxlığı arasında səmərəli əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olundu.

Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze, Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti