...

Gənc kimyaçıların ümumdünya bilik yarışı başa çatdı. 47-ci Beynəlxalq Kimya Olimpiadası Azərbaycanın elm, təhsil həyatında parlaq və olduqca əhəmiyyətli bir hadisə kimi tarixə yazıldı (FOTO)

Cəmiyyət Materials 31 İyul 2015 14:14 (UTC +04:00)
Nərgiz Paşayeva: Əgər elmi potensial yoxdursa, təbii, milli sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq.
Gənc kimyaçıların ümumdünya bilik yarışı başa çatdı.
47-ci Beynəlxalq Kimya Olimpiadası Azərbaycanın elm, təhsil həyatında parlaq və olduqca əhəmiyyətli bir hadisə kimi tarixə yazıldı (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Nərgiz Paşayeva: Əgər elmi potensial yoxdursa, təbii, milli sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq.

Dünya məktəblilərinin Bakıdakı həyəcanlı, gərgin mübarizə, güclü və ədalətli rəqabət şəraitində keçən yarış günləri başa çatdı.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə 20-29 iyul tarixlərində Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadasına yekun vuruldu.

Bu möhtəşəm bilik yarışmasında 5 qitədən, 75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə, 250-dən artıq kimya alimləri, münsiflər heyəti, kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər və qrup rəhbərləri iştirak edirdi.

Qeyd edək ki, Olimpiada zamanı qapılarını 600-ə yaxın qonağın üzünə açan Moskva Dövlət Universitetinin Bakı filialı dünya miqyaslı bu yarışmanın tam yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyib. Yarışmanın tam qaydalara uyğun baş tutması üçün filial rəhbərliyi tərəfindən hər cür şərait, elmi baza yaradılıb. Olimpiada zamanı iştirakçılar verilən tapşırıqları yerinə yetirmək üçün heç bir korluq çəkməyiblər. Çünki filialın ən müasir avadanlıqlarla təchiz edilmiş kimya laboratoriyaları burada istənilən mürəkkəb elmi tədqiqatların aparılmasına imkan verir.

Son illər Moskva Dövlət Universitetinin Bakı filialı eksperimental baza və laboratoriya kommunikasiyasına kifayət qədər diqqət yetirir. Hazırda filialın kimya laboratoriyaları dünyanın aparıcı universitetləri ilə ayaqlaşa biləcək səviyyədə fəaliyyətdədir.

Moskva Dövlət Universitetinin Bakı filialında tələbələr üçün yaradılmış şərait dünya səviyyəli mütəxəssislərin də diqqətindən yayınmayıb.

Planetimizin beş qitəsindən paytaxtımıza təşrif buyurmuş elm adamları modern üslubda tikilmiş universitet kampusu, təhlükəsizlik şərtlərinə tam tələb verən müasir laboratoriyalar və dərs otaqlarını çox bəyəniblər.

İyulun 28-də Heydər Əliyev Mərkəzində bu ümumdünya bilik yarışmasının bağlanış mərasimi baş tutdu. Mərasimin əvvəlində Olimpiadanın gedişini, imtahanları, iştirakçıların əyləncə saatlarını əks etdirən film nümayiş etdirildi. Olimpiadanın Elmi Komitəsinin sədri, professor Fikrət Quliyevin imtahanların keçirilməsi ilə bağlı hesabatı dinlənildi.

Professor olimpiadanın fəaliyyətini yüksək qiymətləndirdi: "Qeyd etmək istərdim ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası MDU-nun Bakı Filialında və MDU-nun Bakı Filialının baş təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir. Qürurla deyə bilərəm ki, olimipada çox yüksək səviyyədə baş tutdu".

F.Quliyev Elmi Komitənin iki şəhərdə - paytaxt Bakı və Qəbələdə iclas keçirdiyini əlavə edərək, imtahanlardakı tapşırıqların mahiyyəti haqqında məlumat verdi: "Böyük məmnuniyyətlə deyirəm ki, imtahandakı tapşırıqlardan bəziləri Azərbaycana aid idi. Məsələlər Azərbaycanın təbiəti, ekologiyası, sənayesi üçün önəmli olan problemlərə həsr olunmuşdu".

Ən yaxşı olimpiada

Olimpiadanın Rəhbər Komitəsinin sədri, Cənubi Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li olimpiada barəsində təəssüratlarını mərasim iştirakçıları ilə bölüşdü. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yüksək təşkilatçılıq fəaliyyətini qeyd edərək, olimpiadanın keçirilməsində əməyi olan hər bir kəsə, xüsusilə yarışmanın prezidenti, professor Nərgiz Paşayevaya təşəkkür elan etdi. Dakvan Li yarışma iştirakçılarının Bakı ilə tanışlıqdan çox məmnun qaldığını, bu yarışmanın onların həyatında böyük iz buraxacağını bildirdi.

O, Bakıda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi "ən yaxşı olimpiada" kimi qiymətləndirdi: "47-ci Beynəlxalq Kimya Olimpiadası başa çatmaq üzrədir. Mən əminəm ki, siz hamınız Bakıda gözəl vaxt keçirdiniz. Demək olar ki, Bakıdakı olimpiada son 12 ildə iştirak etdiyim müsabiqələr arasında ən yaxşısıdır. Mən medalçıların hamısını təbrik etmək istəyirəm - sizlər həqiqətən də yüksək nəticələr göstərmisiniz".

Onun sözlərinə görə, Olimpiada iştirakçıları həm Bakının, həm də Qəbələnin gözəlliklərini seyr etmək imkanını qazanıblar: "Mən tapşırıqları hazırlayan, tərcümə edən mentor və müşahidəçilərə gördükləri işə görə təşəkkür etmək istəyirəm. Eyni zamanda, bu mürəkkəb beynəlxalq tədbirin uğurlu alınması üçün göstərdiyi zəhmətə görə professor Nərgiz Paşayevaya dərin minnətdarlığımı elan edirəm".

190 medal sahiblərini tapdı

Bundan sonra olimpiadanın qaliblərinə medal və mükafatlar təqdim edildi. İlk olaraq medal almağa çox yaxın göstəricilər əldə etmiş 10 məktəbli "Fəxri fərman"a və hədiyyələrə layiq görüldü.

Daha sonra ən böyük medalçı qrup - bürünc medal sahiblərinin adları açıqlandı. Bürünc medallar olimpiadanın təşkilat komitəsinin üzvləri, akademik Akif Əzizov, YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova, BKO-nun elmi komitəsinin həmsədri, Moskva Dövlət Universitetinin kimya fakültəsinin professoru Aleksandr Qladilin tərəfindən təqdim olundu. Ümumilikdə 92 nəfərə bürünc medal təqdim olundu. Bürünc medalçılar arasında 51 ölkənin təmsilçisi vardı: Argentina, Belarus, İslandiya, Kosta Rika, Kipr, Macarıstan, Salvador, İran, Qazaxıstan, Qırgızıstan, Tacikistan, Türkmənistan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, İspaniya, Moldova, İsveç, İngiltərə, Suriya, Uruqvay, Vyetnam (1 medal), Danimarka, Azərbaycan, Belçika, Braziliya, Kanada, Xorvatiya, Estoniya, Fransa, Almaniya, Indoneziya, Italiya, Malayziya, Niderland, Pakistan, Sloveniya, Özbəkistan (2 medal), Finlandiya, İsrail, Latviya, Litva, Peru, İsveçrə, Avstriya, Bolqariya (3 medal), Avstraliya, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı (4 medal).

Gümüş medal qazananlar isə mükafatı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Tofiq Nağıyevin əlindən aldılar. Aşağıda qeyd olunan 33 ölkədən 63 nəfər Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazandı: Avstriya, Danimarka, Latviya, Braziliya, Rumıniya, Macarıstan, Bolqariya, Malayziya, Moldova, Salvador, Estoniya, Fransa (1 medal), Argentina, Kanada, Hindistan, Indoneziya, Iran, Italiya, Yaponiya, Qazaxıstan, Polşa, Rusiya, Serbiya, Slovakiya, Vyetnam (2 medal), Belarus, Çexiya, Sinqapur, Tailand, Türkiyə, İngiltərə, ABŞ (3 medal), Ukrayna (4 medal).

Nəhayət, mərasimin ən həyəcanlı anı yetişdi - olimpiadada ən yüksək nəticə göstərərək qızıl medal əldə edən məktəblilərin adları səsləndirildi. Onlara mükafatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva və Olimpiadanın Rəhbər Komitəsinin sədri, Cənubi Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li təqdim etdilər. Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş etmiş oldu. Qızıl medal alan ölkələr bunlar oldu: Çin (4 medal), Tayvan (4 medal), Koreya (4 medal), Hindistan (2 medal), Yaponiya (2 medal), Rusiya (2 medal), Rumıniya (2 medal), Sinqapur, Polşa, Qazaxıstan, Almaniya, ABŞ, Litva, Tailand, Estoniya, Vyetnam, Macarıstan, Slovakiya, Serbiya, Çex Respublikası, Türkiyə və İran.

Birincilərin birincisi

Ən yüksək bal toplayan məktəbliyə "Birincilər birincisi" mükafatını Bakıdakı Dünya Kimya Olimpiadasının bütün təşkilat yükünü öz çiyinlərində daşıyan, bu 10 gün ərzində gənc kimyaçıların doğma evinə çevrilən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim etdi.

Nəticələrə görə, Çin komandasının üzvü Yifu Ouyanq həm "Birincilər birincisi", həm də "Ən yaxşı nəzəriyyəçi" adına layiq görüldü. ABŞ təmsilçisi David İ-Hsuan Vanq "Ən yaxşı təcrübəçi" adını qazandı.
Bağlanış mərasimində həmçinin, müxtəlif kateqoriyalar üzrə ən yaxşı nəticə göstərən gənc kimyaçılar mükafat və sertifikatlarla təltif olundular. Belə ki, iki imtahanda ən çox bal toplayan olimpiada iştirakçıları "Ən yaxşı nəzəriyyəçi" və "Ən yaxşı təcrübəçi" kimi xüsusi sertifikatlara layiq görüldülər.

Olimpiadanın mütləq şempionu olan Yifu Ouyanq müsabiqədən qazandığı təəssüratları bölüşdü: "Inanılmaz hissdir! Sözün düzü, belə yüksək nəticə gözləmirdim. Praktiki imtahanda çox çapaladım, qızıl medal alacağıma gümanım az idi. Amma deyə bilərəm ki, hər bir imtahan bütün imtahanlar demək deyil, necə ki, ömrün yarısı - bütün həyat demək deyil".

Azərbaycanlı şagirdlər medalçılar sırasında

Qürurverici haldır ki, Azərbaycan komandası üzvlərindən də yüksək nəticə göstərən şagirdlərimiz olub. Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və "İstək" liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələniblər.

Mərasim zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, milli və müasir musiqi nümunələri ilə tanış olmaq imkanı yaradıldı. "Natiq" Ritm qrupunun sevilən kompozisiyaları, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı sürəkli alqışlarla müşayiət olundu. Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov və "Eurovision" təmsilçimiz Səbinə Babayevanın dueti maraqla qarşılanan musiqi nömrələrindən birinə çevrildi. "Chemical Boys" qrupunun çıxışı, Səbinə Babayevanın məşhur "Sway" mahnısını ifası mərasimin bədii hissəsinə xüsusi rəng qatmış oldu.

"Baş verən hadisələrin əsas katalizatoru - insandır"

Rəsmi mərasimin yekun nitqi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva tərəfindən səsləndirildi:

- İlk növbədə gənc, istedadlı və çalışqan Olimpiada iştirakçılarını yenidən salamlayıb, onları təbrik etmək istəyirəm! Dəvətimizi qəbul edib burada əyləşən alimlərə, pedaqoqlara, müşahidəçilərə, diplomatlara, yekun tədbirə gələnlərə "Xoş gəlmisiniz" deyirəm!
Beləliklə, gərgin, maraqlı, həyəcanlı, hər an dəyişən xəbərlər və çalarlarla dolu olan həftəni birlikdə başa vurduq. Bu həftə bizə nələri öyrətdi? Bir daha əmin olduq ki, Olimpiadanın devizində deyildiyi kimi, həyat doğrudan da böyük bir laboratoriyaya bənzəyir. Və bu laboratoriyanın ən dəyərli, ən bahalı, ən əvəzedilməz cihazı - insan beynidir! Baş verən bütün hadisələrin əsas katalizatoru da insanın özüdür! Sizin imtahanlarda olduğu kimi, məcazi mənada desək, həyatın özü də 2 turdan ibarətdir - praktik və analitik, həyatda da nəzəri və praktik aspektlər var. Amma mühüm odur ki, gözəl nəzəriyyə gözəl əməllərlə üst-üstə düşsün və bir-birini tamamlasın.

İmtahan zamanı mən sizin necə gərgin işlədiyinizi, diqqətinizi cəmləməyə çalışdığınızı müşahidə etdim. Sizin davranışınız mənə Azərbaycanın bir atalar məsəlini xatırlatdı: "Ehtiyat igidin yaraşığıdır". Hətta mürəkkəb laboratoriya tapşırıqlarını izlərkən, bu məsəlin yeni variantını düşündüm: Ehtiyat igidin və kimyaçının yaraşığıdır. Həyatda da kimya laboratoriyasında olduğu kimi hünərli, riskli olmaqla yanaşı, eyni dərəcədə ehtiyatlı və hazırlıqlı olmalısan.

Əziz dostlar, yadımdadır, siz imtahana ayrılan zamanın - 5 saatın az olduğundan danışırdınız. Amma biz böyüklərin təcrübəsi göstərir ki, mətləb odur ki, zaman heç vaxt yetərli olmur. Böyük Dantenin dediyi kimi, zaman - müqəddəs kateqoriyadır. Zaman hər şeyi tərəziyə çəkir və dürüst qiymət verir. Zamanın sınağından çıxanlar əsas, ali, qlobal imtahandan da çıxmış olurlar. Arzulayırıq ki, zaman gələcəkdə sizi həmişə uğurlara bağlasın, həmişə ucaltsın.

İlk görüşümüzdə demişdik ki, Azərbaycan, Bakı, Universitetimiz müvəqqəti olaraq sizin evinizə çevriləcək. Ümid edirik ki, belə də oldu, bu evin divarları sizi darıxdırmadı, sıxmadı. Qonaqpərvər və xeyirxah olduğumuza inandınız. Azərbaycanı, bu qədim və gözəl diyarı xatirələrinizdə yaşadın, unutmayın.

Uzaqdan-yaxından gələn gənc kimyaçılar və onları müşayiət edən heyət bizim şəhərin müasir simasını gördü. Köhnə Bakının, indikindən heç də az gözəl olmayan qədim simasını, əksini foyedəki sərgimizdən sizlərə hədiyyə etdiyimiz fotoşəkillərdən baxıb təsəvvür edə bilərsiniz. Doğmalarınızın yanına döndükdə, sizdən soruşanda ki, Bakının əsas simvolu nədir? Gözəl, sehrli, unikal, qədim Qız Qalasını Bakının əsas simvolu kimi göstərin. Romantizmi və qeyri-adiliyi ilə hər kəsi heyran və məftun edən Qız Qalası sizin medallara da həkk olunmuşdur. Çünki bu yeganə, ölməz və qədim simvoldur.

Biz pedaqoqlar, müəllimlər sizinlə fəxr edirik, çünki siz doğru seçim etmisiniz, elmin yollarını seçmisiniz. Arzum budur ki, heç zaman bu çətin və əziyyətli yoldan yorulub, usanıb dönməyəsiniz, bu şərəfli yolu axıra qədər davam etdirəsiniz, uğurlar və nailiyyətlər qazanasınız, sorağınız, adlarınız böyük dünya alimlərinin adları sırasında çəkilsin!
Siz təmsil etdiyiniz ölkələrdə, əlbəttə ki, təbii sərvətlər mövcuddur: qaz, neft, qızıl, pambıq və s. Amma elm olmayan yerdə təbii sərvətləri heç vaxt milli nailiyyətlərə çevirmək mümkün olmayacaq. İqtisadiyyat natamam və dayanıqsız olacaq, cəmiyyətdə doğru-dürüst tarazlıq yaranmayacaq. Bunların hamısı alimlərə, elmə, iti zehinə və ədalətli ürəyə bağlıdır. Məhz sizlər təbii sərvətləri milli nailiyyətlərə çevirəcəksiniz - mən buna inanıram!

Bu gün bu zalda qalibləri təltif etdik, alqışladıq. Bununla bərabər, burada medal almayan iştirakçılar da əyləşib, biz sizlərə də öz təşəkkürlərimizi və təbriklərimizi ünvanlayırıq. Kimya elmində olduğu kimi, siz əsas kütlənin tərkib hissəsi idiniz, sizsiz bu qaliblər də olmazdı. Şübhə etməyin ki, məhz siz bu günün qaliblərini qalibə çevirdiniz.

Azərbaycanda bir məzəli məsəl var: deyirlər ki, ev yiyəsi bir qonaq gələndə sevinir, bir də gedəndə. Amma bu ikinci sevincin səbəbi qonağın getməsi olmur. İkinci sevincin əsas səbəbi qonağın ev yiyəsindən razı getməsidir. Əgər belədirsə, biz əlbəttə çox sevinirik və sizə "yaxşı yol" deyirik.

Azərbaycandan hər biriniz uğur aparasınız! Sizlərə cansağlığı və ruh yüksəkliyi arzulayıram!

Sonda N.Paşayeva təşkilat komitəsinə, elmi komitəyə, Azərbaycana təşrif buyuran alimlərə, pedaqoqlara, mentorlara və digər qonaqlara, MDU-nun kimya fakültəsinə, olimpiada keçirilməsində zəhmət çəkən hər bir kəsə və gənc kimyaçılara təşəkkürünü ünvanladı.

Beləliklə, professor Nərgiz Paşayeva Bakıda keçirilən Ümumdünya Kimya Olimpiadasını bağlı elan etdi.

Olimpiadanın bayrağı Pakistana ötürüldü

Rəsmi bağlanış tədbirindən sonra möhtəşəm Gülüstan sarayında qonaqlara ziyafət verildi. Elə bu məkanda da Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi növbəti ölkənin adı açıqlandı. Bu ümumdünya elm müsabiqəsinin Rəhbər Komitəsinin yeni sədri - Macarıstandan olan Qabor Magyarfalvi növbəti yarışmanın Pakistanda keçiriləcəyini elan etdi. Beləliklə, Bakıdakı olimpiadanın prezidenti Nərgiz Paşayeva müsabiqənin bayrağını Pakistandan olan baş mentor, professor Xalid Muhammed Xana ötürdü.

Müsabiqə boyunca xüsusi davranışı ilə yadda qalan məktəblilər də rəhbər komitənin diqqətindən kənarda qalmadı. Belə ki, imtahan zamanı özünü pis hiss edən, bununla belə yarışı yarımçıq qoymaq istəmədiklərinə görə tibbi yardımdan imtina edən iki cəsur məktəbli - Argentinadan Battauz Fabio və Nigeriyadan Otisi Amaraçi Enn Ugo "həkimdən qaçanlar" nominasiyası kimi təqdim olunan yarı ciddi mükafata layiq görüldülər. Onlara Beynəlxalq Kimya Olimpiadasının Elmi Komitəsinin həmsədri, professor Aleksandr Qladilin və professor Vadim Yeryomin, həmçinin YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova tərəfindən sertifikatlar və kimya elminə aid kitablar təqdim olundu.

Yarışmanın ən gənc iştirakçısına - Nigeriya komandasının 14 yaşlı üzvü Oluvatosin Mariam Oloyedə xüsusi mükafatı şəxsən professor Nərgiz Paşayeva təqdim etdi.

Hədiyyə və sürprizlərlə dolu olan mərasim zamanı daha iki məktəbli BASF kompaniyasının Almaniyadakı baş ofisinə iki göndəriş vərəqəsi qazandı. Azərbaycan komandası üçün nəzərdə tutulan dəvətnamələrdən biri Sergey Styopinə qismət oldu. Göndərişin digər sahibini müəyyənləşdirmək üçün isə lotereya keçirildi və Türkiyədən olan qızıl medalçı Baturalp Yalçın Almaniyaya səyahət şansını qazandı. Mükafatlar BASF kompaniyasının direktoru Əli İhsan Gendş və MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva tərəfindən təqdim olundu.

Beləliklə, Azərbaycanda ilk dəfə keçirilən 47-ci Dünya Kimya Olimpiadası uğurla başa çatdı. Olimpiada Azərbaycanın elm, təhsil həyatında parlaq və olduqca əhəmiyyətli bir hadisə kimi tarixə yazıldı. Əminik ki, bu müsabiqə təkcə Azərbaycanda deyil, bütün ölkələrdə gənclərin kimya elminə həvəsini artıracaq, gələcəkdə məşhur elm adamlarının və bəlkə də kimya üzrə Nobel mükafatçılarının yetişməsinə öz böyük töhfəsini vermiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti