...

Piratçılıqla mübarizə davam edir: Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

Cəmiyyət Materials 31 İyul 2015 15:46 (UTC +04:00)
Azərbaycanın Müəllif Hüquqları Agentliyi təhsil müəssisələri və dövlət strukturlarının lisenziyalı proqram təminatı ilə təmin edilməsi üzrə tədbirlərin tezləşdirilməsi ilə bağlı Təhsil, eləcə də Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə müraciət edib.
Piratçılıqla mübarizə davam edir: Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın Müəllif Hüquqları Agentliyi təhsil müəssisələri və dövlət strukturlarının lisenziyalı proqram təminatı ilə təmin edilməsi üzrə tədbirlərin tezləşdirilməsi ilə bağlı Təhsil, eləcə də Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə müraciət edib. Bunu Trend-ə Müəllif Hüquqları Agentliyindən deyiblər.

Agentliyin əqli mülkiyyət hüquqlarının qorunması, eləcə də proqram təminatı məhsullarından istifadə sahəsi daxil olmaqla piratçılığın səviyyəsinin aşağı salınması üzrə intensiv davam edən tədbirlər çərçivəsində "Microsoft" şirkətinin rəsmi nümayəndələri ilə keçirdiyi görüşlərdə isə dövlət strukturlarının və təhsil müəssisələrinin lisenziyalı proqram məhsulları ilə təminatı məsələləri müzakirə olunub.

Agentlikdən qeyd ediblər ki, piratçılığın səviyyəsinin aşağı salınmasına istiqamətlənmiş tədbirlər çərçivəsində sentyabrdan nəzarət markalarının (holoqram) tətbiqi planlaşdırılır: "Markalar əqli mülkiyyət obyektlərinə, proqram təminatı məhsullarına yapışdırılacaq ki, bu da qanuni məhsulu qanunsuz istehsal edilən və yayılan məhsuldan fərqləndirməyə imkan verəcək".

Bundan başqa, Agentliyin bir sıra dövlət qurumları ilə birgə ölkədə piratçılığın səviyyəsinin aşağı salınması üzrə gördüyü böyük həcmdə iş nəticəsində piratçılığın səviyyəsi 90-dan 85 faizədək azalıb.

"Business Software Alliance" (BSA) təşkilatının cümə günü yaydığı məlumatda deyilir ki, Azərbaycanda lisenziyalaşdırılmamış proqram təminatından istifadə yüksək olaraq qalır, bununla əlaqədar əqli mülkiyyət və müəllif hüququnun qorunması ilə bağlı tədbirlərin gücləndirilməsinə zərurət var.

BSA-nın daha əvvəl dərc etdiyi hesabatda qanunların hazırlanması sahəsində beynəlxalq standartlara cavab verən və əqli mülkiyyət hüquqlarının tənzimlənməsinə istiqamətlənmiş tədbirlərin görülməsi üzrə tövsiyələr təqdim edilib.

Müəllif Hüquqları Agentliyindən bildiriblər ki, piratçılıqla mübarizə üzrə tədbirlərin sərtləşdirilməsi çərçivəsində daha əvvəl "İnzibati Xətalar Məcəlləsi"nə və "Azərbaycan Cinayət Məcəlləsi"nə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin kommersiya məqsədilə satışı və ya yayılma məqsədilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması hallarına görə hər bir belə nüsxəyə görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə 150 manat miqdarında cərimə tətbiq edilir.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda ziyan vurmaqla törədildikdə 7 000 manat miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bundan başqa, 2012-ci ildə qəbul edilmiş "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu "ex-parte" tədbirlərini nəzərdə tutur.

Piratçılığın səviyyəsinin azaldılması istiqamətində ölkədə işlər davam edir.

"Microsoft Azerbaijan" şirkətinin nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov isə bildirib ki, şirkət müəllif hüquqlarının qorunması sahəsində Müəllif Hüquqları Agentliyi ilə fəal əməkdaşlıq edir: "Əməkdaşlığın istiqamətlərindən biri ölkənin ali məktəblərində istifadə edilən proqram təminatının leqallaşdırılması məsələsində Agentliyə kömək etməkdir. Bundan başqa, Agentlik, "Business Software Alliance" təşkilatı və Azərbaycan Daxili İşlər Nazirliyinin iştirakı ilə saxta məhsulların satışı faktlarının aşkarlanması üçün mağazalarda reydlər keçirilib, hüquqi tənzimlənmə sahəsində maarifləndirici işlər görülüb".

Onun sözlərinə görə, daha əvvəl Agentliklə müəllif hüquqlarının qorunması üzrə hüquqi tənzimlənmənin sərtləşdirilməsi məsələsi ilə əlaqədar danışıqlar aparılıb ki, bu da öz əksini ölkə qanunvericiliyində tapıb: "Məsələ burasındadır ki, aksiz markaların mövcudluğu, eyni zamanda, müəssisə və şirkətlərdə qanunsuz proqram təminatının istifadəsi ilə bağlı monitorinq apara bilən qurumun yaradılmasına zərurət var".

Ümumilikdə, R.Hacıəlibəyov hesab edir ki, demək olar, tərəqqi var: "Və şirkətlər bütün dövlət strukturları ilə əlaqə saxlayır, üstəlik, bu məsələdə Müəllif Hüquqları Agentliyi böyük dəstək verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti