...

Rüşvət, vəzifə saxtakarlığı və digər faktlar üzrə 158 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanıb

Cəmiyyət Materials 31 İyul 2015 16:33 (UTC +04:00)
Rüşvət, vəzifə saxtakarlığı və digər faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanıb.
Rüşvət, vəzifə saxtakarlığı və digər faktlar üzrə 158 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanıb

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Rüşvət, vəzifə saxtakarlığı və digər faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Baş prokuror Zakir Qaralov Azərbaycan Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarısında "Prokurorluq haqqında" qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

2015-ci ilin birinci yarısında qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətlərindən 96 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnən 41 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,9% (2014-cü ilin müvafiq dövründə 88,4%) təşkil edib.

Xüsusi vurğulanıb ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi, 2015-ci ilin birinci yarısında da Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

Bu sahədə prokurorluğa dövlət səviyyəsində göstərilən böyük inam və etimadın nəticəsidir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan tələblərdən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Baş Prokurorluq üzrə müvafiq əmrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yeni strukturu, idarə və şöbələrin əsasnamələri təsdiq edilib və əməkdaşlar yeni struktura uyğun vəzifələrə təyin ediliblər.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinin yaradılmasının müstəsna əhəmiyyəti xüsusi qeyd olunub. Baş idarə tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlarına müvafiq olaraq Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Baş Prokurorluq üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilməklə yoxlamaların keçirilməsi və 5 cinayət işinin başlanılması təmin olunub. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqının yüksək peşəkarlıqla davam etdirilməsi xüsusi vurğulanıb.

Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə ciddi qüsurlar kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti