...

"Sovetski" – mərkəzdə mərkəz ola bilməyən məhəllə (FOTO)

Cəmiyyət Materials 1 Avqust 2015 12:21 (UTC +04:00)
"Sovetski" - aqibəti ilə bağlı məlum qərardan sonra artıq bir ildən çoxdur diqqət mərkəzində olan, Bakının böyük, həm də tarixi məhəlləsi.
"Sovetski" – mərkəzdə mərkəz ola bilməyən məhəllə (FOTO)

"Sovetski" - aqibəti ilə bağlı məlum qərardan sonra artıq bir ildən çoxdur diqqət mərkəzində olan, Bakının böyük, həm də tarixi məhəlləsi.

Bəzən bu məhəllənin tarixi olduğu ilə razılaşmayanlar tapılır. Amma faktı - əsrlik tarixi binaları, məscidləri, hamamları nəzərə almamaq mümkün deyil axı. Onlar hələ də bu məhəllədədirlər, öz ornamentləri, memarlıq üslubu ilə diqqəti çəkirlər.

"Sovetski"nin sökülməsi planı çoxdan mövcud idi. Hələ Sovet hakimiyyəti illərində, 1980-ci illərin əvvəlində bu planın həyata keçirilməsinə başlandı. Lakin başdan-ayağa dağıda-dağıda deyil, mərhələ-mərhələ... SSRİ-nin dağılması ilə bu plan yarımçıq qaldı - "Sovetski" Sovetdən çox yaşadı...

"Sovetski"də gəzişdikcə heyifsilənirsən. Ona görə yox ki, bura tamamilə və ya qismən söküləcək. Axı bu tör-töküntü məhəllə artıq şəhərin görüntüsünü pozur, meqapolisə çevrilən Bakı ilə ayaqlaşmır. Sanki bu məhəllə üsyan edir - axı bura Bakının lap mərkəzidir; bu məhəllənin bu vəziyyətə düşməsində kimdir günahkar?

Dar küçələri, dalanları ilə addımladıqca üzərində tarixi həkk olunmuş binalardakı yazıların çətinliklə oxunmasına səbəb olan, hörümçək toru kimi bir-birinə qarışmış elektrik məftillərinin, qaz borularının, tarixi binalara sonradan pərçim olunmuş əlavə yarımtikililərin yaratdığı xoşagəlməz mənzərəyə baxıb heyifsilənirsən... Əslində, bütün bu ürəkbulandıran mənzərə vaxtında lazımi nəzarətin olmamasının nəticəsidir. Və məhz bu nəticə məlum qərara yol açdı - sökülsün...

Məscidlər, hamamlar, binalar, müxtəlif illərə aid barelyeflər sanki dil açıb danışır, yox, şikayət edir: bu məhəlləni kim bu günə qoydu, tikinti normalarını kim pozdu, bütün bunları amansızcasına buldozerin qabağına kim qatır?

Artıq bəzi yerləri xarabazara çevrilmiş "Sovetski"nin küçələri ilə hərəkət etdikcə düşünməyə bilmirsən: İlahi, məgər insan dağıtmadan, xarabalığa çevirmədən köçə bilməzmi? Hara baxırsan, elə bil hava zərbələrindən (Allah iraq etsin!) sonra yaranan mənzərə ilə qarşılaşırsan: sanki Bakının mərkəzində deyil, Suriyanın göbəyindəsən. Yerində başqa bir tikili ucaltmamış köhnə binaları buldozerin qabağına qatmağın nə anlamı var axı? Düşünmürəm ki, kimsə bu "mənzərə"dən zövq alsın.

Burada hər daşın da öz tarixi var - yaddaş tarixi. İnsanların acılı-şirinli, uşaqlıq, gənclik xatirələri hopub bu binalara, bu daşlara... Saysız-hesabsız xatirələri belə tar-mar edib dağıtmaq olmaz axı...

Bakının neft bumunda milyonçuların tikdirdiyi 2-3 mərtəbəli binalar indi elə kədərlə baxırlar ki... Sanki edama məhkum olunmuş insanın sabaha ümidsizliyi çöküb bu binaların fasadına. Kim nə deyir-desin, amma daş da canlıdır...

Ümidlə düşünürsən: yəni bu binaların hamısını sökəcəklər? Amma bilirsən ki, əksəriyyəti söküləcək; "Sovetski" tarixə qovuşacaq. Eh, nə çox tarixə qovuşan Bakı məhəlləsi...

Həqiqət budur ki, bu məhəllə şəhərin mərkəzində ola-ola, şəhərin mərkəzi ola bilmədi.

Artıq "Sovetski"dən yan keçməyə çalışırsan. Elə ağır ab-havası var ki... Üzü aşağı axan çirkab sular, dağıntının tozu-torpağı bu istidə daha da sıxır adamı. Və yan keçirsən "Sovetski"dən - utana-utana, başını aşağı dikərək...

Bu məhəllədə 138 tarixi bina var. Rəsmilərin məlumatına görə, onlardan yalnız 15-16-nın saxlanılması qərara alınıb. "Digər binalar ya tam söküləcək, ya da onların elementlərini xüsusi bir məkanda yığaraq həmin memarlıq nümunələrinin..." ehhh... Kimə lazımdır ki, bu sözlər? Nəyi dəyişəcək ki, bu sözlər?

İnsanlar zor-xoş köçürlər artıq. Və zaman gələcək, bərpa edilməsi vacib olan bu tarixi məhəllədə tarixdən əsər-əlamət qalmayacaq; şəhərin bu yerindən də onsuz da havası ağır olan Bakının havasını bir qədər də ağırlaşdıracaq müasir, şüşəli göydələnlər baş qaldıracaq.

FOTO və MƏTN: Bəxtiyar Hacıyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti