...

Xaricdə doktoranturada oxumaq istəyənlərin seçiminə az qalıb

Cəmiyyət Materials 6 Avqust 2015 11:06 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) xarici ölkələrdə doktorantura təhsili almaq istəyən iddiaçıların seçimini bu ilin payız aylarında aparmağı nəzərdə tutur.
Xaricdə doktoranturada oxumaq istəyənlərin seçiminə az qalıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) xarici ölkələrdə doktorantura təhsili almaq istəyən iddiaçıların seçimini bu ilin payız aylarında aparmağı nəzərdə tutur.

AMEA-nın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov Trend-ə açıqlamasında bildirib ki, hazırda bununla əlaqədar müəyyən texniki məsələlər həll edilir. Seçiləcək namizədlərin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almağa göndərilməsi mümkündür.

Akademiya rəsmisinin sözlərinə görə, doktorantura təhsili almaq istəyən gənclər iki il ərzində - 2012-2013-cü illərdə dövlət başçısının AMEA üçün ayırdığı xüsusi vəsait hesabına birbaşa Akademiya tərəfindən xaricə göndərilib: "Lakin 2014-cü ildə Prezident yanında Təhsil Komissiyası AMEA-nın müvafıq komissiyası tərəfindən seçilən namizədləri Təhsil Nazirliyinin xətti ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili almaq üçün göndərib. Bu il isə gənclərin hansı xətlə xaricə göndəriləcəyi hələ müəyyən edilməyib. Bu il də AMEA tərəfindən doktorantura təhsili ilə bağlı Prezident yanında Təhsil Komissiyasına müraciət ediləcək. Bunun üçün ya AMEA-ya vəsait ayırarlar, birbaşa biz göndərərik, ya da biz seçim edərik, Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində onları xaricə göndərər".

Ə.Sadıqov qeyd edib ki, indiyədək AMEA-nın seçim prosedurlarından keçən 60-a yaxın gənc dövlət xətti ilə doktorantura təhsili alması üçün xaricə göndərilib.

İdarə rəhbərinin dediyinə görə, ötən il AMEA tərəfindən 18 nəfər seçilsə də, onların 1-i sonradan ailə vəziyyətinə görə xaricdə doktorantura təhsili almaqdan imtina edib. Buna görə də 2014-cü ildə 17 nəfər Dövlət Proqramı çərçivəsində xaricə göndərilib: "60 nəfərdən çox təhsilini bitirən, geri qayıdan, müdafiə edən, xaricdə qalıb bizimlə əlaqəli şəkildə işləyən də var. Bu proqram çox uğurlu nəticə verdi. Burada yayınmadan da söhbət gedə bilməz. Xaricə gedənlərin hamısı ciddi tədqiqat işi ilə məşğuldur. Biz onların təhsilinə həm ciddi nəzarət edirik, həm də onların hesabatları burada elmi şuralarda dinlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti