...

Britaniya səfiri Lənkəran şəhər dini icması ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2015 17:10 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərinin Böyük Bazar Cümə məscidinin dini icması ilə görüşüb.
Britaniya səfiri Lənkəran şəhər dini icması ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərinin Böyük Bazar Cümə məscidinin dini icması ilə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məsciddə səfiri İdarənin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qazı Sədi Axundzadə qarşılayıb. Səmimi şəraitdə keçən görüşdə səfirə dini icmanın fəaliyyəti, dindarlar üçün yaradılan şərait barədə məlumat verən S.Axundzadə səfiri maraqlandıran sualları ətraflı cavablandırıb. İlk növbədə, Azərbaycanda mövcud dini tolerantlıq mühitinin bariz nümunəsini səfər etdiyi bölgədə şəxsən müşahidə etməkdən məmnunlugunu bildirən səfirə QMİ rəsmisi ölkəmizin hər yerində olduğu kimi cənub bölgəsində də dinlər və məzhəblərarası münasibətlər müstəvisində heç bir problem yaşanmadığını, dindarlar arasında qarşılıqlı etimad və ehtiram ruhunun hökm sürdüyünü bəyan edib.

S.Axundzadə xüsusilə vurgulayıb ki, Azərbaycan dövlətinin tolerantlıq və multikultural həyat tərzini ən yüksək səviyyədə dəstəkləməsi və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin bu yöndə əməli fəaliyyəti Azərbaycanda ənənəvi olaraq mövcud olmuş bu ali mənəviyyat nümunəsinin daha da dərinləşməsinə, möhkəmlənərək bütün dünya üçün örnək səviyyəsinə qalxmasına səbəb olub.

Səfir İ.Siddiq icma üzvləri ilə görüşdə İslam dininin demokratik dəyərlər daşıyıcısı olduğunu qeyd edib, yüksək ideallar - sülh, əmin-amanlıq, qardaşlıq və elm təlqin edən İslamın düzgün təqdim olunmasının böyük önəm kəsb etdiyini bildirib. QMİ qazısı S.Axundzadə, öz növbəsində, mütərəqqi dəyərlər aşılayan İslam dininin bəzən məkrlə, qərəzlə təhrif olunmasını təəssüflə bildirərək, hər zaman əsl İslam həqiqətlərinin təbliğinin vacibliyinə diqqəti çəkib. O, bu məqamın QMİ-nin fəaliyyətində prioritet səciyyə daşıdığını xüsusi vurğulayıb, maarifləndirmə istiqamətində görülən işlər barədə qonağa ətraflı məlumat verib.

Qazı bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra vüsət alan mənəvi irsin dirçəldilməsi prosesi ölkəmizin iqtisadi qüdrəti artdıqca dini mənəviyyat abidələrinin tikinti və bərpası, dövlətin bu sahəyə diqqət və qayğısının miqyasının artmasında özünü birüzə verir.

Dini-mənəvi dəyərlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanması prosesində böyük rol oynadığına diqqəti çəkən bölgə səlahiyyətlisi bildirib ki, cənub bölgəsində radikalizm, ekstremizm təzahürlərinin yaranması üçün heç bir zəmin yoxdur. Dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dindarların mənəvi tələbatlarının ödənilməsi üçün hər cür şəraitin olması, sosial rifah və sabitlik şəraitinin hökm sürməsi neqativ halların qarşısını alır.

Görüşdə səfirə Lənkəran şəhər Böyük Bazar Cümə məscidi barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti