...

BDU-da Beynəlxalq Elmi Konfrans keçirilir

Cəmiyyət Materials 27 Avqust 2015 16:42 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015 adlı 5-ci Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.
BDU-da Beynəlxalq Elmi Konfrans keçirilir

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Bakı Dövlət Universitetində (BDU) Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015 adlı 5-ci Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

Konfransı giriş sözü ilə açan Rabitə Və Yüksək Texnologiyalar Naziri Əli Abbasov beynəlxalq tədbirdə elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi məsələlərinin geniş müzakirə ediləcəyindən danışıb. Nazir bildirib ki, əgər biz inkişaf etmiş ölkələrlə rəqabət aparmaq istəyiriksə, elmə, texnoloji inkişafa xüsusi diqqət verməliyik.

Sonra çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov optimallaşdırma və idarəetmənin hazırda dünyanın ən aparıcı və aktual elm sahələrindən biri olduğunu deyib. O qeyd edib ki, elmin elə sahəsi yoxdur ki, orada məsələnin optimal həllinin tapılması, verilən prosesin "ən yaxşı" şəkildə idarə olunması tələb olunmasın.

Rektor son dövrlərdə hər il BDU-nun alimləri tərəfindən elm və təhsil sahəsində 90-a qədər proqram və qrant layihələri həyata keçirildiyini bildirib. O bildirib ki, universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir.

Akademik A.Məhərrəmov sonra deyib ki, bu gün BDU dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb, bir çox nüfuzlu Assosiasiyalarının üzvüdür və Beynəlxalq reytinq cədvəllərində öndə gedir. Çıxışının sonunda rektor A.Məhərrəmov Rabitə və Yüksək Texnologiyalar naziri Ə.Abbasova konfransın təşkilində fəal iştirakına görə, təşəkkür edib və onu "Universitetin dostu" diplomu ilə mükafatlandırıb.

Konfransda iştirak edən xarici professorlar isə "Fəxri qonaq" diplomu ilə təltif ediliblər.

Qeyd edək ki, konfransın mövzularına "Nəzarət və optimallaşdırma", "Qlobal optimallaşdırma", "Forma optimallaşdırma", "İdentifikasiya və əksinə problemlərdə optimallaşdırma metodları", "İntellektual və qeyri-səlis nəzarət", "Optimal nəzarətin ədədi üsulları", "Tətbiqi proqramlar", "Şəbəkə və telekommunikasiya sistemləri", "Neft sənayesi", "İqtisadiyyat", "Riyazi modelləşdirmə" kimi istiqamətlər daxildir.

Dünyanın 26 ölkəsindən 277 alimin qeydiyyatdan keçdiyi konfransın gedişində 200-ə qədər məruzə ediləcəyi gözlənilir. Artıq ənənə şəklini almış bu konfransların ilk ikisi Bakıda, üçüncüsü 2011-ci ildə Türkiyədə Bilkənd Universitetində, dördüncüsü isə 2013-cü ildə Bolqarıstanda Sofiya Texniki Universitetində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti