...

“Radikal dini təriqətlərə qarşı mübarizə gücləndirilməlidir” (FOTO)

Cəmiyyət Materials 31 Avqust 2015 15:09 (UTC +04:00)
Avqustun 31-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin “İslam dinində parçalanma yaratmağa çalışan təriqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində sonuncu tədbiri keçirildi.
“Radikal dini təriqətlərə qarşı mübarizə gücləndirilməlidir” (FOTO)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Avqustun 31-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin "İslam dinində parçalanma yaratmağa çalışan təriqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində sonuncu tədbiri keçirildi.

Trend-in məlumatına görə, ABUC sədrinin müavini Elman Cəfərli "İslam dinində parçalanma yaratmağa çalışan təriqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili" layihəsi haqqında məlumat verdi.

E.Cəfərli qeyd edib ki, Yaxın Şərqdə baş verənlər, radikal islamçıların bəşər mədəniyyəti nümunələrini məhv etməsi, başqa məzhəblərdən və dindən olan insanlara qarı aşırı qisasçı davranış sərgiləməsi, terrorçu İŞİD təşkilatının insanlara qarşı orta əsr metodları ilə işgəncə verməsi hər kəsi narahat edir. Layihəni aktual edən əsas səbəblərdən biri radikal islamçı məzhəblərin Azərbaycanda da özünə tərəfdar toplamasıdır. Təəssüflər olsun ki, təhsil və tərbiyə məsələlərində buraxdığımız xətalar gənclərin radikal dini təriqətlərə qoşulmasına gətirib çıxarır.

Natiq deyib ki, 4 aylıq layihə çərçivəsində Bakı, Zaqatala, Xaçmaz və Şirvan şəhərlərində yerli ziyalılar, ağsaqqallar, media və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərdə, sahə üzrə ekspertlərlə aparılan müsahibələrdə gənclərin radikal dini qruplara qoşulmasının, vəhabilərin təsirinə düşməsinin köklərini araşdırılıb, yeniyetmələrin tərbiyəsində yaranmış boşluqların səbəblərini öyrənilib. Keçirilən dəyirmi masalarda və KİV-də dərc olunmuş materiallarda islam dinin sülh və əmin-amanlıq dini olduğu vurğulanıb.

E. Cəfərli keçirilən görüşlərdə əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, qeyri-ənənəvi dini cərəyanların fəallaşmasının, gənclərin radikal sektalara qoşulmasının qarşısını almaq üçün orta məktəblərdə dinin tədrisi, maarifləndirmə işinin daha geniş çapda aparılması, televiziya kanallarında müvafiq sosial çarxların hazırlanması vacib hesab edilir.

"Son illər xaricdən gələn missionerlər Azərbaycan cəmiyyətinə yad olan təriqətlərin təbliğatını aparır və əhalinin az təminatlı təbəqəsini öz tərəflərinə çəkməyə çalışırlar. Yəni həmin missionerlər insanların dini mənsubiyyətini dəyişməklə kifayətlənmir, casusluqla məşğul olur, tarixən mövcud olan adət ənənəsini dəyişməyə cəhd göstərirlər. Hətta elə təriqətlər var ki, onun üzvləri ölkə Konstitusiyasına əməl etmək istəmir, açıq şəkildə Azərbaycan qanunlarına qarşı çıxmaq yolu tuturlar", bu fikirləri səsləndirən layihənin eksperti, hüquqşünas Alim Hüseynli radikal dini təriqətlərə qarşı mübarizənin gücləndirilməsini, xüsusən onların əlində olan KİV-ə nəzarətin artırılmasını vacib sayıb.

Layhinənin koordinatoru Məlahət Xəlilova layihə çərçivəsində təbliğat xarakterli bukletlərin çap olunaraq yayıldığını diqqətə çatdırıb. Layihənin icrası zamanı qarşıa çıxan çətinliklərdən danışan M.Xəlilova çətinliklərin aradan qaldırılmasında göstərdikləri köməyə və tədbirlərin təşkilində verdikləri dəstəyə görə, Zaqatala, Xaçmaz rayon, Şirvan şəhər icra hakimiyyətlərinə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirdi. O, mövzu ilə bağlı layihələrin davam etdirilməsini vacib saydı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti