...

Kür çayı üzərində daha bir körpünün inşası başa çatır (FOTO+VİDEO)

Cəmiyyət Materials 9 Sentyabr 2015 16:34 (UTC +04:00)
Kür çayı üzərində daha bir körpünün tikintisi yüksək keyfiyyətlə aparılaraq başa çatmaq üzrədir.
Kür çayı üzərində daha bir körpünün inşası başa çatır (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Kür çayı üzərində daha bir körpünün tikintisi yüksək keyfiyyətlə aparılaraq başa çatmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, söhbət tikintisinə ötən il başlanılan və Salyan rayonu ərazisində mərkəzlə 6 min nəfər əhalinin yaşadığı Babazanan yaşayış massivini birləşdirən körpüdən gedir. Artıq körpüdə son tamamlanma işləri aparılır. Körpü üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi işləri yekunlaşdırılıb.

Bununla paralel olaraq ərazidə gələcək daşqınların qarşısını almaq məqsədilə uzunluğu 280 metr olan istinad divarlarının tikintisi də aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Körpüyə Salyan şəhəri istiqamətdən yanaşma yolunun və daha 200 metr uzunluğunda istinad divarlarının tikintisi davam etdirilir.

6 aşırımdan ibarət və uzunluğu 199,16 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Ümumiyyətlə, sözügedən körpü A-15, NK-100 hesabi yükünə və 9 bal zəlzələyə hesablanaraq inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti