...

Nazirlər Kabinetində Bakıda ciddi təhlükə törədən parkinq yerlərinin ləğvi müzakirəyə çıxarıldı (ÖZƏL)

Cəmiyyət Materials 17 Sentyabr 2015 15:20 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakıda əhaliyə və şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün bəzi ərazilərdə parkinq yerlərinin ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.
Nazirlər Kabinetində Bakıda ciddi təhlükə törədən parkinq yerlərinin ləğvi müzakirəyə çıxarıldı (ÖZƏL)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakıda əhaliyə və şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün bəzi ərazilərdə parkinq yerlərinin ləğv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bunu Trend-ə "Azəryolservis" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, paytaxtın bir sıra avtomobil tunellərinin üzərində qanuni-qanunsuz parkinqlər yaradılıb ki, onlar çox böyük təhlükə mənbəyinə çevrilib: "Parkinq yerlərinin bəziləri qanunsuz, bəziləri isə qanunidir və hətta həmin ərazilərdə parkomatlar quraşdırılıb. Həmin duracaqlarda eyni anda 100-200 avtomobil dayanır. Lakin tunellər inşa edilərkən bu qədər yükə, onun üstündən avtomobillərin duracaqları üçün istifadə edilməsinə hesablanmayıb. Həmin tunellərin içi və üstü sadəcə nəqliyyat vasitələrinin hərəkəti üçün hesablanıb".

A.Nəcəfli qeyd edib ki, düzdür, hələlik bu gün hər şey normaldır. Lakin heç kim zəmanət verə bilməz ki, həmin ərazilərdə hər hansı bədbəxt hadisə baş verməyəcək: "Məsələn, Bakının "Şamaxinka" deyilən ərazisi var. Orada Moskva prospektindəki tunelin üstündə parkomatlar quraşdırılıb və ərazi parkinq kimi istifadə olunur. Lakin o tunel duracaqdakı avtomobillərin ağırlıq yükünə hesablanmayıb. Sabah hər hansı bədbəxt hadisə baş verəndə heç kim orada parkomat quraşdıranlardan hesab sormayacaq. Hamı bizi günahlandıracaq. Başqa ərazilərdə isə tunellərin üstündən qanunsuz parkinq kimi istifadə olunur. Bunlara nəzarət gücləndirilməli və aradan qaldırılmalıdır. Allah eləməsin, heç kim sabah orada hansısa bədbəxt hadisənin baş verməsindən sığortalanmayıb. Bu isə, ilk növbədə, insanların, əhalinin həyatı üçün təhlükə törədir".

O, əlavə edib ki, "Azəryolservis" ASC bununla əlaqədar Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına müraciət ünvanlayıb: "Biz Komissiyaya konkret təklif irəli sürmüşük ki, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadəsi qadağan edilsin. Tunellər hələ ki, yenidir və ona görə də nisbətən dözümlüdür. Lakin tunelin üzərində saxlanılan 100-200 avtomobilin ağırlığı nəticəsində getdikcə həmin tunellərin üstündəki yolların elastikliyi itir. Bir müddət sonra isə tunellər yükün ağırlığına tab gətirməyib dağıla bilər. Bir daha bildirirəm ki, bu sahədə vəziyyət həqiqətən çox acınacaqlıdır və ciddi fəsadları ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti