...

Əflatun Amaşov: "Deputat olmaq istəyim..."

Cəmiyyət Materials 18 Sentyabr 2015 11:44 (UTC +04:00)
Parlament seçkisi hər bir şəxsin xalqı üçün çalışmaq əzminin böyük nümayiş meydanı, özünütəsdiq şansıdır.
Əflatun Amaşov: "Deputat olmaq istəyim..."

Əflatun Amaşov - Mətbuat Şurasının sədri

Parlament seçkisi hər bir şəxsin xalqı üçün çalışmaq əzminin böyük nümayiş meydanı, özünütəsdiq şansıdır. Mən də bu şansdan yararlanmaq, daha geniş toplum üçün faydalı olmaq niyyətindəyəm. Buna görə də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmağa iddialıyam.

Rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası indiyədək respublikamızın bir çox rayonlarında tədbirlər təşkil edib. Bu xüsusda yerli əhali ilə görüşmək, söhbətləşmək imkanım da çox olub. Onların problemlərini, qayğılarını öyrənmişəm. Mətbuat Şurasının özü də elə ictimai institutdur ki, burada daha çox vətəndaşlarla təmas yaradırsan. Hər il ölkənin müxtəlif bölgələrindən yüzlərlə müraciətin həllinə yardımçı olmağımız bu təmasların canlı nümunəsidir. Bizi respublikanın hər yerində tanıyır və dəyərləndirirlər. Fəaliyyətimiz ictimaiyyətə doğru açılan körpüdür. Düşünürəm ki, ötən illərin təcrübəsi bu fəaliyyətin geniş spektrdə davam etdirilməsinə imkan verəcək.

Ölkə parlamentində jurnalistika ilə əlaqəli şəxslərin təmsilçiliyi məsələsinə də toxunmaq istərdim. Milli Məclis canlı orqanizmdir. Orada bütün orqanların funksional fəaliyyət göstərməsi zəruridir, həyati prosesdir. Parlamenti mediasız, jurnalistlərsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki media cəmiyyətin güzgüsüdür. Onun problemlərinin sistemli şəkildə və ardıcıl gündəmə gətirilməsinə hər zaman ehtiyac var. Buna görə jurnalistikanın parlamentdə təmsilçiliyi vacibdir. Deputat olmaq istəyim həm də bu nöqteyi-nəzərdən dəyərləndirilməlidir.

Onu da deyim ki, 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirak barədə öncədən də düşünmüşdüm. Belə qənaətə gəlmişdim ki, namizədliyimi bölgələrdən birindən irəli sürəcəm. Azərbaycanın demək olar, bütün rayonlarında dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Parlament seçkisi isə böyük rəqabət meydanıdır. Hər bir namizəd çalışacaq ki, özünün daha faydalı olduğunu göstərsin. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam. Məni dəstəkləyəcək hər kəsə öncədən təşəkkürümü bildirirəm.



Məqalədə:
Xəbər lenti

Xəbər lenti