...

Zəlzələdən zərər görmüş sakinlər üçün yeni evlər nə vaxt tikiləcək?

Cəmiyyət Materials 7 Oktyabr 2015 15:45 (UTC +04:00)
Şəkidə zəlzələ zamanı evləri zərər görmüş sakinlər üçün yenilərinin tikilməsi ilə bağlı layihə hazırlanıb.
Zəlzələdən zərər görmüş sakinlər üçün yeni evlər nə vaxt tikiləcək?

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elmir Murad/

Şəkidə zəlzələ zamanı evləri zərər görmüş sakinlər üçün yenilərinin tikilməsi ilə bağlı layihə hazırlanıb. Bunu Trend-ə açıqlamasında Şəki Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Ziya Vəliyev deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda başlayacaq tikinti işləri qış mövsümünə kimi yekunlaşmalıdır.

Z.Vəliyev sakinlərə evlərin hansı şərtlərlə verilməsi məsələsini də açıqlayıb: "Fövqəladə Hallar Nazirliyi də, Şəki Şəhər İcra Hakimiyyəti də bu məsələyə ciddi nəzarət edir. Biz sakinlərin tez bir zamanda isti evlərlə təmin edilməsini istəyirik. Çünki qarşıdan qış gəlir, qışa qədər evlər hazır olmalıdır ki, insanlar çətin durumda qalmasınlar. Bu proses dəqiq tənzimlənməlidir. Ona görə də zəlzələdən öncə evi 3 otaq olan şəxsə elə o qayda ilə də 3 otaq tikilib veriləcək".

İcra Hakimiyyəti başçısının köməkçisi zəlzələ zamanı evləri ziyan görmüş şəxslərə çadırların verilməsi prosesinin də davam etdiyini vurğulayıb. Bundan əvvəl Bollu Dərə və Qara Torpaq kəndlərinə, o cümlədən Turan qəsəbəsində evlərində çatlar əmələ gəlmiş sakinlər üçün çadırların verildiyini qeyd edən Z.Vəliyev bildirib ki, bu yaxınlarda daha bir neçə sakin çadırlara yerləşdirilib: "İki gün bundan əvvəl növbəti çadırlar quraşdırılıb. Hələ ki, tikinti işləri başlayanadək orada qəzalı evlərin sakinləri üçün çadırlar quraşdırılır. Amma çadırlara çox ehtiyac olmayacaq, çünki dediyim kimi, yaxın zamanlarda evlərin tikintisinə start veriləcək".

Xatırladaq ki, sentyabrın 4-də Azərbaycanın bir neçə rayonunda zəlzələ baş vermişdi. Zəlzələ Şəkidən 29 km aralı olan episentr ətrafında 7 bala qədər, Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər ətraf rayonlarda isə 5-6 bal gücündə hiss edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti