...

Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş orta məktəbin açılışı olub (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2015 17:15 (UTC +04:00)
Dərbənddə (Rusiya) Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulandan sonra təntənəli açılışı olub.
Dərbənddə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulmuş orta məktəbin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Dərbənddə (Rusiya) Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulandan sonra təntənəli açılışı olub.

Dağıstan KİV-lərində verilən məlumata görə, tədbirə toplaşanlar qarşısında çıxış edən məktəbin direktoru Gülnaz Səmədova görülmüş işlər barədə məlumat verib, məktəbin bütün pedaqoji kollektivi, şagirdlər və onların valideynləri adından şəhərin 2000 illik yubileyi münasibətilə bu məktəbin "ikinci dəfə doğuluşuna görə" Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkür edib. Bu əlamətdar hadisə münasibətilə məktəb binasının əsas divarına xatirə lövhəsi vurulub.

Açılış mərasimində Dağıstanın təhsil və elm naziri Şahabbas Şahov iştirak edib. Nazir öz çıxışında təşəkkür sözlərinə şərik olduğunu bildirərək deyib: "Dost Azərbaycan Respublikası kimi qonşuları olmaq çox vacibdir".

Məktəbin şagirdləri açılış mərasimi münasibətilə mahnı və rəqslərdən ibarət maraqlı tamaşa hazırlayıblar. Sonra qonaqları məktəb ərazisinə baxmağa dəvət edərək onları bu təhsil müəssisəsinin yeni maddi-texniki bazası ilə tanış ediblər.

1926-cı ildə tikilmiş 4 nömrəli məktəb əvvəlcə "Yeddiillik fabrik-zavod məktəbi" adlanırdı. Bu gün həmin məktəb onun məzunu olmuş Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyır. Gələn il bu təhsil müəssisəsinin yaradılmasının 90 ilik yubileyi qeyd ediləcək. Təmirdən sonra burada iki növbədə 700-dən çox şagird təhsil alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti