...

"Azərbaycanın geosiyasəti"

Cəmiyyət Materials 9 Oktyabr 2015 16:04 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
"Azərbaycanın geosiyasəti"

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Qeyd etmək lazımdır ki, İranın Cənubi Qafqaz siyasətində Rusiya ilə üst-üstə düşən məqamlar olsa da, Orta Asiya siyasətində bu iki dövlət arasında fərqlilik çoxdur. Belə ki, İran gözəl anlayır ki, Cənubi Qafqaz siyasətində Qərb dövlətlərinə təkbaşına müqavimət göstərmək onun gücü xaricindədir, çünki Qərbin "Şərqə doğru genişlənmə" siyasəti və Avropaya daşınan neft-qaz layihələrinin bu bölgədən həyata keçirilməsi adı çəkilən ölkənin geosiyasi müqavimət əmsalını azaldır. Odur ki, İran Rusiyanın Cənubi Qafqazda mövqelərinin güclənməsində maraqlı görünür. Bəllidir ki, İran və Rusiyanın ABŞ-a və Qərb dövlətlərinə münasibətlərində bölgənin geosiyasi maraqları çox zaman bir-biri ilə çuğlaşır və çarpazlaşır. Amma, Orta Asiya ilə münasibətdə İranın öz strateji planları var və burada onun Rusiya ilə geosiyasi, geoiqtisadi maraqları üst-üstə düşmür. Qərb dövlətlərində Əfqanıstanla bağlı "Manas" aerodromunu nəzərə almasaq, bu bölgədə ciddi siyasi və hərbi planları çox zəifdir. Bəlkə də Qərbin Orta Asiya geosiyasi məkanda ciddi strateji planları var. Hələlik isə Qərb dövlətləri "Şərqə doğru genişlənmə" proqramında Cənubi Qafqaz uğrunda mübarizə aparır. Odur ki, bu bölgədə Rusiya İran üçün ciddi rəqib rolunda çıxış edir.

Təsadüfi deyil ki, Rusiyanın "Transqaz" şirkətinin Qazaxıstan neftinin, "Qazprom"un isə Türkmənistan qazının Rusiya ərazisindən uzunmüddətli nəqlinə dair əldə etdikləri ilkin razılaşmalar İranda açıq şəkildə narazılıqlarla qarşılanır, hətta İran Qazaxıstanı və Türkmənistanı təhdid etməkdən belə çəkinmir.

Hörmətli professor qeyd edir ki, İranın regional siyasətində Orta Asiya, Cənubi Qafqaz və Xəzər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji hədəfləri xüsusi yer tutur. Orta Asiya və Xəzər hövzəsində İran sadəcə olaraq öz sərfəli geoiqtisadi mövqelərindən çıxış edərək, Rusiya ilə yanaşı bölgənin ikinci əsas lider dövləti statusuna sahib olmaq istəyir. O yazır: "... Mütəxəssislər bu ölkənin (İran-Y.O.) regional siyasəti ilə bağlı əsas geosiyasi və geoiqtisadi vəzifələrini aşağıdakı kimi qruplaşdırırlar:

• Qərb ölkələrini və onalara məxsus transmilli şirkətləri nəyin bahasına olursa-olsun Xəzər regionuna buraxmamaq və onların bölgədəki əsas tərəfdaşı hesab olunan Türkiyəni öz mövqelərindən sıxışdırmaq;
• Rusiya ilə regional geosiyasi məsələlərdə müttəfiqlik etmək, lakin onunla rəqabət aparılan sahələrdə öz mövqelərini əldən verməmək;
• regionda istənilən yolla öz mövqelərini gücləndirmək, Xəzərin bərabər əsasla- 20% olmalqa 5 yerə bölünməsini təmin etmək və digər hövzə ölkələri dəniz sərhədi yaratmaq;
• bölgəni dini təsir altına almaq məqsədilə müxtəlif dini-ideoloji düşərgələr təşkil etmək;
• Azərbaycan və Türkiyə kimi rəqib ölkələrin iqtisadi, siyasi, sosial və mədəni inkişafını əngəlləmək, bununla da onların İrandakı əsas əhali (azərbaycanlılar) üçün cəlbediciliyini azaltmaq;
• bölgədə Qərb ölkələrinə məxsus dəyərlərin iqtisadi, siyasi, ideoloji təsisatların fəaliyyətinin güclənməsinə və Xəzər hövzəsində demokrtaik rejimlərin bərqərar olmasına və İran cəmiyyəti üçün "yad proseslərin" vüsət almasına mane olmaq". (Bax. s. 358-359)

Tamamilə doğru olaraq İranın geosiyasi, geoiqtisadi, hərbi-geostrateji hədəflərini və prioritetləri göstərilir və müəllif Azərbaycanla və Türkiyə qarşısına iki mühüm vəzifə qoyur:

Birincisi, yuxarıda deyildiyi kimi Azərbaycan və Türkiyənin bölgədə gücünü zəiflətmək, Xəzər dənizindən hasil edilən neft və qazın nəqli marşrutlarını ya öz xeyrinə dəyişdirmək, ya da onların qarşısını almağa cəhd etmək. Təsadüfi deyildir ki, uzun illərdir Xəzər dənizinin bölünməsində İran pay bərabərliyini israr edir, hətta təhdid etmək fikrindən əl çəkmir, baxmayaraq ki, üç dövlət- Azərbaycan, Rusiya və Qazaxıstan arasında SSRİ-dən qalma akvatoriyaya bölünməsi barədə razılığa gəliblər və bu barədə sənəd də imzalanıb. Lakin, İran Xəzərin SSRİ-dən qalma akvatoriyaya bölünməsinin əleyhinədir, gərək olanda isə bu məsələ üzrə dirəniş də göstərir. Hətta, bəzən Türkmənistanı da bu üçlüyün, xüsusən də Azərbaycanın əleyhinə yönəldir, Türkmənistan ölkəmizə məxsus bəzi karbohidrogen yataqlarına sahiblik iddiasını bildirir və buna görə də bu üçlüyün imzaladığı sənədlərə qoşulmaq istəmir. Bir anlığa təsəvvür edin ki, İranın təklif etdiyi Xəzər dənizinin bərabər bölgüsü baş tutdu, yəni hər dövlətə bu hövzədən 20% pay düşdü. O zaman İranın su sərhədləri Azərbaycanın paytaxtı Bakı şəhərinə qədər yaxınlaşır. Bunu nəunki ölkəmiz, heç bölgədə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mənada təkbaşına hakimlik etmək istəyən Rusiya da razılıq verməz, çünki Rusiyanın Xəzər hövzəsində xüsusi maraq dairəsi mövcuddur və o bu marağı, hətta bəzi məsələlərdə tərəfdaşı olduğu İrana belə güzəştə getməz.

İkincisi, İranda yaşayan çoxsaylı türk kökənli insanlarda dünyəvi dövlət hesab olunan və hər iki ölkənin konstitusiyasında təsbit edilən qanunlar Azərbaycanın və Türkiyənin demokratik insan haqlarının qorunmasına üstünlük verməsi, onu inkikişaf etdirməsi bu ölkələrə cəlbediciliyi artırır. İran ərazisində yaşayan əksər türk kökənli insanları milli təhlükəsizliyinə təhlükə hesab edir, baxmayaraq ki, İİR-in Ali Ruhani Şurasının sədri türk kökənli azərbaycanlılardır. Demokratiyanın və azad sözün olmadığı bir ölkədə insanlar özlərinin milli kimliyini deməkdən belə çəkinirlər. İran hökumətinin yürütdüyü siyasət nəticəsində türklərin kompakt yaşadığı bölgələrdə əsasən bu dövlətin şimalında yaşayan və sıxlığı seçilən yerlərdə min illər mövcud olmuş toponimlər, hidronimlər dəyişdirilir. Hətta mağazaların və yenicə doğulmiş uşaqların adları da türkcə ola bilməz. Dövlətin strukturları buna ciddi nəzarət etməklə yanaşı, hətta uşaq bağçasına yerləşdirilən kiçik uşaqlar, baxmayaraq onların hamısı türk kökənlidir, bu tədris müəssisələrində yalnız farsca danışmalıdırlar. Faktiki olaraq bu ölkədə İranlı adı ilə farslaşdırma siyasəti yürüdülür. Qapalı ölkə olan, beynəlxalq hüquq normalarına məhəl qoymayan İran dövləti ölkəsinin parçalanmaq təhlükəsinin, məhz türk kökənli insanlardan gəldiyini və yaxınlaşdığını daha çox hiss edərək onlara qarşı çox amansız rəftar edir, həbslərdən, cərimələrdən, edamlardan, bütün təzyiq və təhdid üsullarını həyata keçiməkdən çəkinmir, hətta bunu məqbul sayaraq daha da genişləndirir, bu sahədə fərqlənən məmurları mükafatlandırır, vəzifə pillələrində daha da yuxarı çəkilir. Artıq, belə məmurlar üçün fars və türk olmaları önəmli olmur.

Lakin Azərbaycanda və Türkiyədə söz azadlığını, insan haqlarını, sərbəst fikri ifadə etmək azadlığını görən, dərk və hiss edən İran vətəndaşları (bu əsasən, Azərbaycana, Türkiyəyə gələn turistlərin gördüklərini, yaşadıqlarını vətənlərinə döndükdən sonra ölkələr arasında fərqliliyi hiss etməklə, yaxud, qadağan olunsa belə evlərinin damlarına çanaq antenna yerləşdirməklə hər iki dövlətin televiziya verilişlərini seyr etməklə, radio tezliklərini dinləməklə baş verir.) öz ölkələrində də bunların olmasını arzulayırlar. Bu zaman milli özünüdərk və milli oyanış prosesləri başlayır. Bu da son nəticədə münaqişələrə, qarşıdurmalara, ölüm-itimə, zorakılığa, teokratik rejimin daha da amansız və qəddar olmasına aparıb çıxardır. Bunu İran dövlətinin analitikləri və başbilənləri də gözəl anlayırlar. Təsadüfi deyildir ki, həsən Ruhani prezident seçildikdən sonra, cəmiyyətdə bəzi qaydaların və fətvaların sərtliyi aradan qaldırılır, eyni zamanda qismən liberallaşma gedir.

Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti