...

Vakant dövlət qulluğu vəzifələri ilə bağlı müsabiqə üzrə qeydiyyat başa çatdı

Cəmiyyət Materials 13 Oktyabr 2015 15:53 (UTC +04:00)
2015-ci il sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 28 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 264 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması oktyabrın 12-də başa çatıb.
Vakant dövlət qulluğu vəzifələri ilə bağlı müsabiqə üzrə qeydiyyat başa çatdı

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

2015-ci il sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 28 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 264 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması oktyabrın 12-də başa çatıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqə üzrə 3188 namizəd qeydiyyatdan keçib.

Ən çox namizədin qeydə alındığı dövlət orqanları Əmlak Məsələləri Dövlət Komitəsi (1569 nəfər) və Təhsil Nazirliyi (880 nəfər) olub. Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Təhsil Nazirliyi üzrə (6 vakant yerə orta hesabla 146 nəfər) qeydə alınıb.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın rəsmi internet saytında "Test imtahanlarının qrafiki" bölməsində (www.csc.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) ətraflı tanış ola bilərlər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı;
- qanunvericilik sahəsi üzrə - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsi üzrə - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə - 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Komissiya tərəfindən 18 sentyabr və 1 oktyabr 2015-ci il tarixdə elan olunan müsabiqələr üzrə isə qeydiyyat hələ davam edir.

18 sentyabrda 4 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə Komissiyada bu günə kimi 351 nəfər qeydiyyatdan keçib. Bu müsabiqə üzrə qeydiyyat 17 oktyabrda başa çatacaq.

1 oktyabrda 2 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 5 vakant vəzifənin tutulması üçün elan edilən müsabiqədə iştirak etmək məqsədilə Komissiyada bu günə kimi 48 nəfər qeydiyyatdan keçib. Bu müsabiqə üzrə isə qeydiyyat 30 oktyabrda başa çatacaq.

Həmçinin qeyd edək ki, 14 və 28 avqustda elan olunan müsabiqələr üzrə keçirilən test imtahanı mərhələsi davam edir. Bu müsabiqələr üzrə qeydiyyatdan keçmiş 7290 nəfər namizəddən bu günə kimi keçirilən test imtahanı mərhələsində 1748-i iştirak edib. Onlardan 514 nəfəri uğur qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti