...

Azərbaycanın münaqişəli ailələri, ordersiz qurbanlar

Cəmiyyət Materials 13 Oktyabr 2015 17:58 (UTC +04:00)
Azərbaycanda məişət zorakılığının törədilməsinə meyilli olan ailələr vaxtında aşkarlanarsa, onlarla qabaqcadan profilaktik işlər aparmaq və ağır nəticələrlə üzləşməmək olar.
Azərbaycanın münaqişəli ailələri, ordersiz qurbanlar

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda məişət zorakılığının törədilməsinə meylli olan ailələr vaxtında aşkarlanarsa, onlarla qabaqcadan profilaktik işlər aparmaq və ağır nəticələrlə üzləşməmək olar.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib

Bu gün bütün dünyada məişət zorakılığının aktual məsələ olduğunu deyən Komitə rəsmisinin sözlərinə görə, məişət zorakılığı baş verdikdən sonra onun nəticələri əsasında tədbir görməkdənsə, bu zorakılıq baş verməmişdən əvvəl ona qarşı profilaktik işlərin aparılması daha vacibdir: "Məişət zorakılığının qarşısının alınmasına dair Azərbaycan Respublikasının Qanununda məişət zorakılığının qarşısının alınması ilə bağlı profilaktiki işlərin aparılması üçün dövlət qurumlarına geniş səlahiyyətlər verilmişdir. Həmin orqanların bu sahəsdə əlaqəli şəkildə fəaliyyət göstərmələri ən vacib məsələlərdəndir. Hər bir kəs bilməlidir ki, zorakılıq yolverilməzdir və buna qarşı mübarizə aparılır".

A.Sofiyeva 2010-cu ildə qəbul edilən "Məişət zorakılığı haqqında Azərbaycan Respublikasının Qanunu"nun icrasında müəyyən problemlərin olmasına təəssüflənib. Onun sözlərinə görə, bu problemlərdən biri zorakılıq qurbanlarına mühafizə orderlərinin verilməsi ilə bağlıdır.

Komitə sədrinin müavini əlavə edib ki, qısa müddətli mühafizə orderləri (30 günədək) rayon icra hakimiyyətləri, uzunmüddətli mühafizə orderləri (30 gündən-180 günədək) isə məhkəmələr tərəfindən zorakılığına məruz qalan şəxslərə verilir: "Təəssüflər olsun ki, Qanunun qəbul olunmasından kifayət qədər zaman keçməsinə baxmayaraq, indiyədək orderlər çox az sayda zorakılığ məruz qalan şəxslərə -10-a yaxın şəxsə verilib".

İndiyədək bu mühafizə orderlərinin yalnız qadınlara verildiyini deyən A.Sofiyevanın sözlərinə görə, mühafizə orderinin verilməsi ilə yanaşı həmin ailələrlə profilaktik iş aparılmalı və münaqişəli ailələr rayon icra hakimiyyətləri və rayon polis orqanları tərəfindən qeydiyyata götürülməlidir. Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkən şəxsə yaxınlaşmasına və yenidən ona qarşı zorakılıq törətməsinə icazə verilmir. Zorakılıq törədən şəxs Mühafizə orderi verilməsi haqqında qərarı icra etmədikdə məsuliyyətə cəlb edilir.

Komitə rəsmisi qeyd edib ki, "Məişət zorakılığı haqqında Qanun"un icrası ilə bağlı digər problem zorakılıq qurbanları üçün nəzərdə tutulmuş sığınacaqların sayının kifayət qədər olmaması ilə bağlıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə işlər görülür.

A.Sofiyeva əlavə edib ki, bu gün statistik rəqəmlər məişət zorakılığı hallarının azaldığını deməyə əsas versə də, statistikaya daxil edilməyən halların da olması nəzərə alınmalıdır. Dünya təcrübəsində də məişət zorakılığının rəsmi statistikadan daha çox olduğu göstərilir, çünki bu hallar əsasən gizli saxlanılır: "qadın cəza çəkmə müəssisəsində cəza çəkən və məişət zəminində öz ərlərinə və digər ailə üzvünə qarşı cinayət törədən qadınların taleyi ilə maraqlandıqda onların özlərinin uzun illər məhz məişət zorakılığının qurbanı olduğunu görürük. Əgər vaxtında profilaktik işlər aparılsaydı məsələ bu həddə çatmazdı".

Milli Məclisin deputatı Rövşən Rzayev isə Trend-ə bildirib ki, ölkədə münaqişəli ailələrin aşkarlanması üçün həm yerli icra hakimiyyəti orqanlarında, həm də digər qurumlarda daha ciddi tədbirlər həyata keçirilməlidir.

Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə çox ciddi yanaşma var:

"Məişət zorakılığı haqqında çox ciddi qanun qəbul olunub. Amma təəssüflər olsun ki, bəzi hallarda neqativ hallar olur. Amma fikrimcə, daha ciddi işlər görülməli, bunun üçün intensiv maarifləndirmə işləri aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti