...

Rusiya İstintaq Komitəsinin sədri BDU-da mühazirə oxudu (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2015 16:05 (UTC +04:00)
Abel Məhərrəmov Komitənin xatirə medalı ilə təltif olunub.
Rusiya İstintaq Komitəsinin sədri BDU-da mühazirə oxudu (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri, ədliyyə general-polkovniki, Rusiyanın əməkdar hüquqşünası, professor Aleksandr Bastrıkinin Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim və tələbə heyəti ilə görüşü keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi A.Bastrıkinin yenidən universitetə gəlişini yüksək qiymətləndirib, bu görüşün universitet kollektivi, xüsusən tələbələr üçün əhəmiyyətli olacağını bildirib.

Rektor Rusiya İstintaq Komitəsinin sədri A.Bastrıkin və Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov tərəfindən imzalanmış əməkdaşlıq haqqında sazişdən danışaraq bunun ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli təsir edəcəyini bildirib.

Rektor professor A.Bastrikinin dövlət və hüququn müxtəlif sahələri ilə bağlı 120-dən artıq elmi əsərin müəllifi olduğunu və təcrübəsini tədbirdə iştirak edən gənclər və tələbələrlə bölüşməsinin faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra qonağın əvvəlki illərdə BDU-da olduğunu əks etdirən qısa videoçarx nümayiş etdirilib.

Hüquq fakültəsinin Kriminalistika kafedrasının müdiri, professor Kamil Səlimov A.Bastrıkinin tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti ilə bağlı çıxış edib.

Sonra professor A.Bastrıkin "Rusiya Federasiyası İstintaq Komitəsinin müasir mərhələdə fəaliyyəti haqqında: əsas suallar, problemlər və onların həlli yolları. Beynəlxalq əməkdaşlıq. Hüquqi şəxslərin cinayət məsuliyyəti daşıması" mövzusunda məruzə edib və Hüquq fakültəsi tələbələri və müəllimlərinin çoxsaylı suallarını cavablandırıb.

Sonda A.Bastrıkin rektor A.Məhərrəmovu Rusiya Federasiyası İstintaq Komitəsinin xatirə medalı ilə təltif edib.

Qeyd edək ki, görüşdə Baş prokurorun 1-ci müavini Rüstəm Usubov, Rusiya Federasiyasının İstintaq Komitəsinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi Oleq Mixaylov, Azərbaycan Baş Prokurorluğunun idarə rəisləri - Kamal Qılıcov, Erkin Əlixanov, o cümlədən professor İlham Rəhimov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti