...

Azərbaycanda rektorların qeyri-rəsmi görüşünü keçirmək təklif edilir (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2015 16:49 (UTC +04:00)
Noyabrın 3-də Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı və rektoru, professor Həsən Niknafs Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
Azərbaycanda rektorların qeyri-rəsmi görüşünü keçirmək təklif edilir (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Noyabrın 3-də Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı və rektoru, professor Həsən Niknafs Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

Dövlət Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə hər iki universitetlə elmi-texniki əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə Qafqaz və Xəzər Universitetləri ilə UNEC arasında elmi-pedaqoji, elmi tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Memoranduma əsasən, professor-müəllim heyəti və doktorantlar üçün hər iki ali təhsil müəssisəsində təkmilləşdirmə kursları təşkil olunacaq. Eyni zamanda, universitetlərin professor-müəllim heyəti doktorantlara elmi rəhbərlik edəcək. Bundan başqa, birgə sərgi və elmi konfransların təşkili, kadr və tələbə mübadiləsi həyata keçiriləcək.

UNEC-in rektoru, professor Ədalət Muradov universtetdə həyata keçirilən yeniliklərdən danışıb, hədəfləri açıqlayıb. Ali təhsil ocağının beynəlxalq əlaqələrindən söz açan rektor bildirib ki, UNEC bu günə qədər əsasən xarici universitetlərlə əməkdaşlıq edib. Azərbaycan ali təhsil müəssisələri ilə də əməkdaşlığın faydalı olduğunu vurğulayan rektor, xüsusilə Qafqaz və Xəzər universitetlərinin təcrübəsindən yararlanmağın vacibliyini diqqətə çatdırıb.

Öz təcrübələrini UNEC-lə paylaşmağa hazır olduğunu bildirən A.Sanıç, eyni zamanda Qafqazın ən böyük iqtisad yönümlü universiteti olan UNEC-də tətbiq olunan yeniliklərin Qafqaz Universiteti üçün yararlı olacağını qeyd edib.

H.Niknafs isə UNEC-lə tanışlıqdan məmnun olduğunu bildirib. Bu əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib.

Ə.Muradov Azərbaycandakı ali təhsil müəssisələri rektorlarının qeyri-rəsmi görüşünü təşkil etməyi təklif edib. Mütəmadi keçiriləcək görüşlərdə ali təhsildəki problemlərin müzakirə olunacağını nəzərə çatdırıb.

Sonda qonaqlar UNEC-də Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılan Maliyyə laboratoriyası və London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı ilə tanış olublar. "Radio UNEC"-də qonaq olaraq, tələbələrin suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti