...

Azərbaycanda psixoloji yardım almaq asanlaşacaq

Cəmiyyət Materials 11 Noyabr 2015 12:57 (UTC +04:00)
Azərbaycanda dövlət tərəfindən psixoloji yardım mərkəzlərinin yaradılması bu gün üçün vacib olan məsələlərdən biridir. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
Azərbaycanda psixoloji yardım almaq asanlaşacaq

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycanda dövlət tərəfindən psixoloji yardım mərkəzlərinin yaradılması bu gün üçün vacib olan məsələlərdən biridir. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, artıq Səhiyyə Nazirliyi bu istiqamətdə mühüm addım atıb: "Səhiyyə Nazirliyi tərəfindən verilən yeni əmrə əsasən, bütün dövlət klinikalarında psixoloji yardım kabinetləri yaradılır. Hesab edirəm ki, Nazirlər Kabineti səviyyəsində psixoloji yardımın göstərilməsinin əsaslarını müəyyən edən bir sənəd də hazırlanmalıdır".

Milli Məclisin deputatı bildirib ki, bu təcrübə dünyanın bir çox ölkələrində də tətbiq edilir: "İndi əvvəlki dövr deyil. İnformasiya bolluğu və müxtəlifliyi var. Bəzən təhlükəli informasiyalar insanların özlərinə qapanmasına, depressiyaya düşməsinə və müxtəlif psixoloji sarsıntılar keçirməsinə səbəb olur. Bu baxımdan psixoloji xidmət mərkəzlərinin yaradılması vacib məsələdir".

M.Quliyev hesab edir ki, Səhiyyə Nazirliyinin bu əmri bu sahədə çox böyük bir dəyişiklik yaradacaq: "Əgər bütün dövlət klinikalarında psixoloji yardım kabinetləri yaradılırsa, bu, avtomatik olaraq rəqabət mühiti yaradır. Özəl klinikalar da çalışacaqlar ki, bu sahədə öz imkanlarını genişləndirsinlər, mütəxəssislər cəlb etsinlər".

Qeyd edək ki, müstəqil ekspertlər də psixoloji yardım mərkəzlərinin yaradılmasını vacib sayır. Onlar hesab edirlər ki, intiharların, ailədaxili problemlərin və digər bu kimi neqativ halların baş verməsinin əsas səbəblərindən biri insanların psixoloji yardıma müraciət etməməsidir.

Ekspertlər bildiriblər ki, bir sıra Avropa ölkələrində psixoloji dəstək mərkəzləri fəaliyyət göstərir və onlar insanlara pulsuz məsləhətlər verirlər. Ekspertlərin fikrincə, bu tərcübənin Azərbaycanda da tətbiq edilməsi bu qəbildən olan problemlərin xeyli azalmasına səbəb olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti