...

Ramil Usubov: Azərbaycan və Gürcüstanın daxili işlər orqanları arasındakı əlaqələr daha da inkişaf etdiriləcək (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2015 13:38 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili ölkəmizə rəsmi səfərə gəlib.
Ramil Usubov: Azərbaycan və Gürcüstanın daxili işlər orqanları arasındakı əlaqələr daha da inkişaf etdiriləcək  (FOTO)

Bakı. Trend:

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili ölkəmizə rəsmi səfərə gəlib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, noyabrın 26-da səhər nazir G.Mğebrişvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülüb.

Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.

Sonra nazir R.Usubov Gürcüstanın gürcüstanlı həmkarı G.Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan nazir R.Usubov xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında ulu öndər Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib.

Nazir R.Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib. Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

Sonra nazir R.Usubov ölkədəki kriminogen durum barədə qısa məlumat verib.

Bildirilib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, bunun əyani təzahürü olaraq respublikamız "Evrovision" və I Avropa Oyunları kimi möhtəşəm yarışlara uğurla ev sahibliyi edib, həmin tədbirlərin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinə nail olmaqla bu sahədə böyük təcrübə qazanıb.

Daxili işlər naziri R.Usubov mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Nazir G.Mğebrişvili səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə mübarizə aparılmasına dair nazir R.Usubovun mövqeyini bölüşdüyünü, mehriban qonşu və yaxın dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti