...

Əli İnsanovun məhkəməsi təxirə salındı

Cəmiyyət Materials 26 Noyabr 2015 14:16 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılması prosesi təxirə salınıb.
Əli İnsanovun məhkəməsi təxirə salındı

Bakı. Samir Məmmədov - Trend:

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılması prosesi təxirə salınıb.

Bu barədə Trend-ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkil bildirib ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə başlanan prosesdə zərərçəkmişlər iştirak etməyib. Zərərçəkmişlərin çağırış vərəqi poçt vasitəsilə göndərilmədiyindən proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Xatırladaq ki, 2005-ci ilin oktyabr ayında həbs olunan Ə.İnsanov dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 2007-ci ilin aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmü Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə saxlamışdı. Məhkəmə hökmündən Avropa İnsan Haqları Məhkəməsinə müraciətdən sonra adıçəkilən məhkəmə Ə.İnsanova 10 min avro kompensasiya ödənilməsi barədə qərar qəbul etmiş və işə yenidən baxılmasını tövsiyyə etmişdi. Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq səhiyyə naziri Ə.İnsanovla bağlı qərarına baxılıb.

Plenumun qərarına əsasən, Ə.İnsanov barəsində Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsə də, 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü yenidən qüvvədə saxlayıb. Ə.İnsanovun vəkili Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti