...

Azərbaycan və Meksika əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı müzakirə ediblər

Cəmiyyət Materials 30 Noyabr 2015 15:28 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Meksikanın Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini ilə görüş olub.
Azərbaycan və Meksika əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı müzakirə ediblər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Meksikanın Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı barədə səfirə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir.

Aparılan uğurlu iqtisadi islahatların güclü sosial siyasətlə tamamlandığını bildirən S.Müslümov nəzərə çatdırıb ki, cari ilin 10 ayında 3,3 faizlik iqtisadi artım şəraitində əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxalıb. Adambaşına düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 0,7 faiz bəndi üstələyərək 4,4 faiz təşkil edib.

Nazir qeyd edib ki, əmək ehtiyatlarından səmərəli istifadə ölkəmizdə iqtisadi tərəqqinin xarakterik cəhətidir. 2004-cü ildən sonrakı dövrdə 1,4 milyondan çox yeni iş yeri açılmaqla, işsizlik 4,9 faizə enib.

Respublikada iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı növbəti ildə də yeni iş yerlərinin açılması prosesinin və əmək bazarında sabitliyin davam edəcəyinə təminat yaradır.

S.Müslümov ölkə əhalisinin təqribən 22 faizdən çox hissəsini əhatə edən sosial təminat sisteminin inkişafı, əmək bazarına nəzarətin təkmilləşdirilməsi yönündə aparılan islahatlara da toxunub: "Ötən ildən respublikada tətbiq olunan əmək müqavilələrinin elektron qeydiyyat sistemi hazırda dünyada innovativ yanaşmaları əks etdirən mütərəqqi iş təcrübələrindən biri kimi dəyərləndirilir. Bu sistem əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasında mühüm rol oynayır".

Meksika ilə əlaqələrin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu əməkdaşlığın əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb.

R.Labardini Azərbaycanda iqtisadi inkişaf istiqamətində əldə olunan nailiyyətlərin, habelə iqtisadiyyatın artımının sosial rifah səviyyəsinin yüksəlməsi ilə müşahidə olunmasının Meksika tərəfindən daim maraqla izlənildiyini bildirib. Səfir iki ölkə arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində də əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsinin onun ölkəsi üçün də xüsusi önəm kəsb etdiyini və bunun üçün səylərini göstərəcəyini diqqətə çatdırıb.

Görüşdə Meksikanın sosial müdafiə sistemi barədə də ətraflı məlumat verilib. Azərbaycan və Meksika arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti