...

Azərbaycanda yeni informasiya portalının təqdimatı olub

Cəmiyyət Materials 4 Dekabr 2015 17:37 (UTC +04:00)
Bu gün Azərbaycanda yeni beynəlxalq "Avrasiya Gündəliyi" informasiya portalının təqdimat mərasimi keçirilib.
Azərbaycanda yeni informasiya portalının təqdimatı olub

Bakı. Elmir Murad - Trend:

Bu gün Azərbaycanda yeni beynəlxalq "Avrasiya Gündəliyi" informasiya portalının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, portal Azərbaycan, rus, ingilis, türk, ərəb və alman dillərində oxuculara xidmət edəcək. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Avrasiya Media Şəbəkəsinin təşəbbüsü və dəstəyi ilə portalın yaradılmasında məqsəd jurnalistika vasitəsilə sülhün təbliğ olunmasıdır.

Tədbirdə çıxış edən portalın baş redaktoru Malik Atub Sumbai qeyd edib: "Layihə vasitəsilə münaqişələri yumşaq və insanları qıcıqlandırmayan şəkildə ictimaiyyətə çatdırmağa çalışacağıq".

O vurğulayıb ki, bu layihəyə bir çox ölkələrdən dəstək var: "Portalda insan haqlarına çox böyük önəm verəcəyik".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, bu gün dünya mediasında Azərbaycanla bağlı informasiyaların bəzən qərəzli və siyasi maraqlara xidmət etdiyi aydın görünür: "Bu baxımdan bu portalın fəaliyyəti təqdirəlayiqdir və bu layihə vasitəsilə ümid edirik ki, vahid informasiya məkanı yaranacaq və obyektivlik təmin olunacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar bu portal vasitəsilə düzgün məlumatlar əldə edəcəklər. Dünyanın qabaqcıl və inkişaf etmiş ölkələrində informasiyalar daha çox internet üzərindən yayılır ki, bu da qloballaşan dünyanın göstəricilərindən biridir. Əsas olan informasiyanın olduğu kimi və obyektiv verilməsidir. Azərbaycan medianın inkişafı sahəsində dünyada qabaqcıl yerlərdən birini tutur. Prezident İlham Əliyev söz və mətbuat azadlığına diqqəti daim önə çəkib və ölkədə bu dəyərlərin qorunmasını təmin edib. Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyası üçün "Avrasiya Gündəliyi" xəbər portalının əhəmiyyəti böyükdür".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında portalın fəaliyyətə başlamasını yüksək qiymətləndirib: "Azərbaycana nüfuz gətirən beynəlxalq informasiya agentliklərinin fəaliyyəti olduqca mühümdür. Bu informasiya agentlikləri yaydıqları məlumatlarla xaricdə Azərbaycan haqqında fikir formalaşmasına şərait yaradır. Bu baxımdan əminəm ki, "Avrasiya Gündəliyi" informasiya portalı da dünyada Azərbaycanın imicinin yüksəlməsinə xidmət edəcək".

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami və Pakistan səfiri Xalid Usman Qayser də jurnalist peşəsinin obyektiv və operativ olduğuna diqqət çəkərək, portalın fəaliyyətə başlamasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, təqdimat mərasimində millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti