...

Hacı Məmmədov yenidən vəkili ilə görüşüb

Cəmiyyət Materials 6 Yanvar 2016 15:53 (UTC +04:00)
Çoxsaylı qətllər və adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov vəkili ilə görüşüb.
Hacı Məmmədov yenidən vəkili ilə görüşüb

Bakı. Samir Məmmədov - Trend:

Çoxsaylı qətllər və adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov vəkili ilə görüşüb. Bu barədə Trend-ə H.Məmmədovun vəkili Afət Qazıyeva məlumat verib.

Vəkil bildirib ki, görüş zamanı H.Məmmədovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb. H.Məmmədov saxlanma şəraiti və səhhətindən şikayəti olmadığını bildirib.

A.Qazıyeva əlavə edib ki, görüş zamanı H.Məmmədovla bəzi məsələlər barədə müzakirələr aparılıb.

H.Məmmədovun barəsindəki cinayət işinin təzələnməsi ilə bağlı aidiyyəti qurumlara edilən müraciətlərə gəlincə, A.Qazıyeva deyib ki, müraciətlərə hələlik heç bir cavab gəlməyib. Müraciətlərə cavab gələndən sonra vəkil ictimaiyyətə bu barədə açıqlama verəcək.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

H.Məmmədov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti