...

UNEC-də valideynlər imtahanın gedişini izləyiblər (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2016 17:18 (UTC +04:00)
Yanvarın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) valideynlər qış imtahan sessiyasının gedişini müşahidə ediblər.
UNEC-də valideynlər imtahanın gedişini izləyiblər (FOTO)

Bakı. Trend:

Yanvarın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) valideynlər qış imtahan sessiyasının gedişini müşahidə ediblər.

Universitetdən Trend-ə verilən məlumata görə, "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında keçirilən tədbirdə valideynlər UNEC-in bütün tədris binalarında imtahan prosesini yaxından izləyiblər. Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında yazılı imtahanları müşahidə edib, yazılı imtahanların nəticələrinin yoxlanılması prosesi ilə yaxından tanış olublar. Dekanlar, müəllim və nəzarətçilər valideynlərin imtahanla bağlı suallarını cavablandırıblar.

Sonra valideynlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC-də aparılan islahatlardan danışıb, universitetin hədəflərini açıqlayıb. Bildirib ki, məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır. Tədrisin keyfiyyəti müəllimlərin keyfiyyətindən asılıdır, deyən rektor əlavə edib ki, bunun üçün universitetimizə xaricdə təhsil alan gənc müəllimləri cəlb etmişik. Həmçinin, bu günlərdə 100 müəllimimizə universitetin Quba kampusunda Fransanın Sarbonn universitetinin professoru təlim keçəcək. Bu təlimlər mütəmadi olaraq davam etdiriləcək.

Tədrisdə müəllim-tələbə münasibətini xüsusi vurğulayan rektor qeyd edib ki, müəllim tələbənin ən yaxın dostu olmalıdır. Ümumilikdə isə UNEC tələbələrinin akademik səviyyəsi universitetdə mühazirə keçən xarici müəllimlər tərəfindən yüksək qiymətləndirilir. Rektor yeni tədris ilində tələbələrin dərsə davamiyyətinin barmaq izi ilə yoxlanılacağını və bununla da onların dərsə gəlib-gəlməməsinə ayrılan vaxta qənaət ediləcəyini qeyd edib.

Valideynlərin məzunların işlə təmin olunması ilə bağlı sualını cavablandıran rektor istehsalat və ixtisas təcrübəsinin keyfiyyətli təşkili üçün təkliflər hazırlandığını bildirib: istəyirik ki, 5 həftəlik təcrübə müddətində tələbələrimizə əmək kitabçası açılsın. Sonda rektor valideynləri universitetin ictimai həyatında aktiv iştirak etməyə çağırıb.

UNEC-də qış imtahan sessiyası fevralın 1-dək davam edəcək. Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün bütün şərait yaradılıb. "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında keçirilən görüşlər təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən həyata keçirilib.

Görüşlərdə təhsil mütəxəssisləri, QHT nümayəndələri də qış imtahan sessiyasının gedişini izləyiblər. Jurnalistlər isə imtahanlarda nəzarətçi qismində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti