...

Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2016 19:24 (UTC +04:00)
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, zaman hadisələrə dəyər vermək baxımından yaddaşdır. İllər ötdükcə baş verən hadisənin mahiyyəti daha aydın şəkildə nəzərə çarpır.
Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirildi.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi altı il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Dünən SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda keçirilən tədbirdə də hadisənin mahiyyəti bir daha açıqlandı, Azərbaycan tarixinə həm faciə, eyni zamanda qəhrəmanlıq səhifəsi kimi yazıldığı diqqətə çatdırıldı.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov bildirdi ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Cox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecədə Azərbaycan xalqı sınağa cəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldılar.

Ulu öndər Heydər Əliyevin bu fikirləri bir daha xatırlandı: "Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar". O da bildirildi ki, əsrlər boyu xalqımız böyük tarixi yol keçib. Tariximizin hər səhifəsi bizim üçün əzizdir. Tariximizi öyrənmək, gələcək nəsillərə çatdırmaq əsas vəzifələrimizdəndir. Zaman keçdikcə hər bir hadisənin mahiyyəti daha dolğun şəkildə dərk olunur, düzgün təhlil fonunda ictimaiyyətə çatdırılır.

F.İsmayılov bildirdi ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk.

İnstitutun əməkdaşları Elçin Kazımov, Pərvanə Mollayeva və Bəhruz Məmmədov çıxış edərək bildirdilər ki, 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi- siyasi qiymət vermək yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha təsdiqlədi. Bildirildi ki, Bakı faciələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər. Silahsız insanları qırğından çəkindirmək əvəzinə tankların qabağına yollayan AXC-Musavat rəhbərləri xəyanətkarlıqlarını nümayiş etdirdilər. Amma mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi. Əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, zaman hadisələrə dəyər vermək baxımından yaddaşdır. İllər ötdükcə baş verən hadisənin mahiyyəti daha aydın şəkildə nəzərə çarpır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin bu fikirlərini xatırlatdı: "Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 Yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Ancaq faciə hansısa səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, bu, ola bilər təbii fəlakət olsun. Amma cəmiyyətdə baş verən hadisənin şübhəsiz ki, səbəbi olur. Ona görə də bu hadisələrə geniş mənada yanaşmaq lazımdır. Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik".

Bildirildi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

V.Rəhimzadə diqqətə çatdırdı ki, hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycan Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan etdi, qanlı faciələri pislədi, günahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı. Yanvar hadisələrinə geniş mənada əsl hüquqi- siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-huquqi qiymət verilməsi tövsiyə olunmuşdur. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etmişdir.

Qeyd olundu ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyi uğrunda xilaskarlıq missiyasını yerinə yetirərək uğurlu siyasəti ilə dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltdi. Faktların dili ilə əsl həqiqət beynəlxalq ictimaiyyətə açıqlandı. Son on iki ildə bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır.

V.Rəhimzadə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliği istiqamətində gördükləri işlərdən də geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan dövlətinin real faktlara əsaslanan təbliğatı diplomatik mübarizədə dövlətimizin qələbəsini şərtləndirir. İşğal altında olan torpaqlarımızın azad olunacağı, şəhid ruhlarının rahatlıq tapacağı gün uzaqda deyil.

Çıxışlarda bir daha vurğulandı ki, Azərbaycanın azadlığı, müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, ehtiramla yad edilir. Onların qanı bahasına əldə edilən müstəqilliyimizi qorumaq, möhkəmləndirmək üçün harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşir. Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti