...

Ötən il ETSN-nin "Qaynar xətt"inə 4194 şikayət daxil olub

Cəmiyyət Materials 22 Yanvar 2016 10:47 (UTC +04:00)
2015-ci il ərzində ETSN-nin “Qaynar xətt”inə 4194 şikayət daxil olub.
Ötən il ETSN-nin "Qaynar xətt"inə 4194 şikayət daxil olub

Bakı. Trend:

2015-ci il ərzində ETSN-nin "Qaynar xətt"inə 4194 şikayət daxil olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ETSN-nin 24 saat fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt"i vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə şikayət və müraciətlər qəbul edilir.

ETSN-nin "Qaynar xətt"inə 2015-ci il ərzində ümumilikdə 4194 şikayət daxil olub. Onlardan 3946-sı Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.

Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 2169 şikayətdən 2062-si, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 1129 şikayətdən 1120-si, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 371 şikayətdən 332-si, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 114 şikayətdən 113-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 318 şikayətdən 237-si, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 37 şikayətdən 33-ü, İstehsalat Siyasəti Şöbəsinə göndərilmiş 25 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 26 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanunamüvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilmiş 2 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti