...

Universitetə ilk səfər: məktəblilər UNEC-lə tanış olublar (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2016 16:54 (UTC +04:00)
Yanvarın 27-də Bakının bir neçə məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Universitetə ilk səfər: məktəblilər UNEC-lə tanış olublar (FOTO)

Bakı. Trend:

Yanvarın 27-də Bakının bir neçə məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Məktəblilər ilk olaraq UNEC-də şəhidlərin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər.

Sonra UNEC-də keçirilən qış imtahan sessiyasının gedişi ilə tanış olan məktəblilərə imtahan prosesinin təşkili və qaydaları barədə məlumat verilib. Şagirdlər universitetdə fəaliyyət göstərən SABAH Qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə Birjası Laboratoriyası, Virtual Müəssisə, İnnovativ Biznes İnkubator və tələbə təşkilatları ilə tanış edilib. London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu UNEC-də əldə etmək imkanı xüsusi maraqla qarşılanıb. Məktəblilərə UNEC-in innovativ metodlarla idarə olunması və elektron universitetə çevrilməsinin üstünlükləri haqda məlumat verilib. Bunun, dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün önəmli olduğu vurğulanıb. Universitetin Azad İnternet Zonası və kitabxana xidməti, elektron kitabxana sistemi haqqında bilgilər şagirdlərin marağına səbəb olub. Onlara tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsində universitetin online radiosu olan Radio UNEC və Yaradıcılıq Mərkəzinin rolu haqda məlumat verilib. UNEC-in tarixi, yeni əmtəə nişanı, korporativ stili, tanınmış məzunları, fəxri doktorları, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri və intizam qaydaları haqqında informasiya çatdırılıb.

UNEC rektoru, professor Ədalət Muradov məktəblilərə ali məktəbdə tədrisin keyfiyyətinin artırılması məqsədilə görülən işlərdən, gələcəkdə İqtisad Universitetini seçən gənclərə yaradılan şəraitdən danışıb. Daha yaxşı oxuyan tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramlarını onların diqqətinə çatdırıb.

Sonda məktəblilər Ə.Muradova UNEC-in ikili diplom proqramları, iki ixtisasa yiyələnmək imkanları barədə suallar veriblər. Tələbələrin universitetdənkənar fəaliyyətləri və asudə vaxtlarının səmərəli təşkilində universitetin rolu haqda maraqlanıblar.

Tədbirə A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika gimnaziyası, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, Kimya Biologiya Təmayüllü Respublika liseyi, Akademik Zərifə Əliyeva adına liseyi və 132-134 saylı Təhsil Kompleksinin iqtisadiyyata maraq göstərən yuxarı sinif şagirdləri qatılıblar. Səfər UNEC-də qış imtahan sessiyası dövründə həyata keçirilən "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" layihəsi çərçivəsində baş tutub. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən bu günə qədər təhsil mütəxəssisləri, QHT nümayəndələri və valideynlər UNEC-də təşkil edilən qış imtahan sessiyasının gedişini izləyiblər. Jurnalistlər isə imtahanlarda nəzarətçi qismində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti