...

Yenilikləriniz barədə bizə məlumat verin, sizi dünyada tanıdaq (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2016 11:36 (UTC +04:00)
Ümümdünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Yenilikləriniz barədə bizə məlumat verin, sizi dünyada tanıdaq (FOTO)

Bakı. Trend:

Ümümdünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

BU barədə Trend-ə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Ölkənin aparıcı universitetlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov universitetin hədəflərini açıqlayıb. UNEC-in dünya ali təhsil sisteminə inteqrasiyası barədə danışan rektor, universitetdə bu istiqamətdə tətbiq edilən yeniliklərdən danışıb. Məqsədimiz UNEC-i dünya səviyyəli universitetlər sırasında görməkdir deyən rektor, QS reytinqində dünyanın nüfuzlu universitetləri ilə yanaşı dayanmaq iddiasındayıq, deyə bildirib.

Z.Zaytseva UNEC-i Webometrics reytinqinə görə Azərbaycan universitetləri arasında birinci yerdə olması münasibəti ilə təbrik edib. Bildirib ki, UNEC-in QS reytinqində yer ala bilməsi üçün kifayət qədər tələbə-müəllim potensialı var. Z.Zaytseva həmçinin universitetin rəsmi saytını da yüksək qiymətləndirib.

Sonra qonaq "Dünya universitetləri reytinqinin təqdimatı" mövzusu ilə çıxış edərək universitetlərin QS reytinq siyahısına daxil olunması üçün vacib olan müraciət formaları və şərtlər haqqında ətraflı məlumat verib. Bildirib ki, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.

Azərbaycanın ali təhsil müəssisələrinin dünya reytinq cədvəllərində yer ala bilməsi üçün kifayət qədər geniş elmi potensialı olduğunu bildirən xanım Zaytseva ölkənin ali məktəblərinə bu istiqamətdə yardım etməyə hazır olduğunu bildirib. Sadəcə olaraq, universitetlər beynəlxalq reytinqdə yer almaq üçün gördüyü işləri daha yaxşı təqdim etməlidir: "Uğurlarınız, yenilikləriniz barədə bizə məlumat verin, sizi dünyada tanıdaq".

UNEC-də mətbuat konfransı keçirən Z.Zaytseva təhsil naziri Mikayıl Cabbarovla görüşdə Azərbaycan universitetlərinin reytinq cədvəlindəki yeri haqda fikir mübadiləsi apardıqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti