...

BƏT Azərbaycanda yeni Məşğulluq Konsepsiyasının hazırlanmasına dəstək vermək niyyətindədir (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2016 17:21 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının rəsmisi ilə görüşüb.
BƏT Azərbaycanda yeni Məşğulluq Konsepsiyasının hazırlanmasına dəstək vermək niyyətindədir (FOTO)

Bakı. Trend:

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)" layihəsinin hazırlanması işləri çərçivəsində Bakıda keçirilən "Məşğulluq siyasəti" mövzusunda təlim-seminarda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmisi Aurelio Parisotto ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov ölkəmizdə makroiqtisadi sabitlik və inkişaf dinamikasına nail olunması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar kursunda əhalinin məşğulluq səviyyəsinin artırılmasının, layiqli əməyin təminatının əsas hədəflərdən biri olduğunu vurğulayıb.

Nazir ötən dövrdə respublikada iqtisadi inkişafın təmin olunması, o cümlədən qeyri-neft sektorunun genişlənməsi, özəl sektorun dəstəklənməsi, çoxsaylı yeni iş yerlərinin yaradılması şəraitində əmək bazarında sabitliyin əldə edildiyini, məşğulluq səviyyəsinin yüksəldiyini diqqətə çatdırıb: "Hazırda ölkəmizdə qlobal iqtisadi böhranın kəskinləşməsinin mənfi təsirlərinə qarşı milli iqtisadiyyatın dayanıqlığı təmin olunur. Bu məqsədlə dövlət başçısı tərəfindən həyata keçirilən və postneft dövründə də iqtisadi artıma, xüsusən qeyri-neft iqtisadiyyatının genişlənməsinə yönələn islahatlar kursu ilk növbədə əhalinin sosial müdafiəsinin və məşğulluq tədbirlərinin gücləndirilməsini nəzərdə tutur. İşəgötürənlərlə daha fəal əməkdaşlıq şəraitində, çoxsaylı iş yerləri yaradılmaqla, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması istiqamətində müvafiq addımlar atılır. Ölkənin hazırlanmaqda olan yeni Məşğulluq Konsepsiyası layihəsində də sosial tərəfdaşlıq müstəvisində bu istiqamətdə məqsədyönlü və səmərəli tədbirlər kompleksi əksini tapacaq".

Əmək və məşğulluq sahəsində dövlət siyasətinin hazırlanması və təkmilləşdirilməsi işlərində BƏT-lə əməkdaşlığa toxunan S.Müslümov ötən dövrdə Azərbaycanın BƏT-in ümumilikdə 57 Konvensiyasına qoşulduğunu bildirib: "Azərbaycan BƏT-in əmək və məşğulluq, o cümlədən gənclərin məşğulluğu üzrə təşəbbüs və layihələrində fəal iştirak edir. Son illərdə ölkəmiz "MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq" adlı Texniki Əməkdaşlıq layihəsinə də qoşulub. Bu təşkilatla əməkdaşlığımızı yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması işlərində də davam etdirir və bu sahədə BƏT-in ekspert dəstəyinə xüsusi önəm veririk".

A.Parisotto Azərbaycanda davamlı xarakter alan iqtisadi artım tempinin, makroiqtisadi sabitlik üçün yüksək maliyyə dayanıqlığının təmin olunmasının, ölkədə hazırda baş verən iqtisadi islahatlar prosesində məşğulluq amilinin diqqətdə saxlanmasının, aktiv əmək bazarı proqramlarının təqdirəlayiq olduğunu vurğulayıb. Təmsil etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edən A.Parisotto ölkəmizdə yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında da BƏT-in fəal dəstək vermək niyyətində olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlıq sahələrində görülən işlər, yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti