...

Novruz mərasimlər kompleksində yer tutan “çillə gecəsi” ilə bağlı YUNESKO-ya müraciət ediləcək

Cəmiyyət Materials 20 Mart 2016 16:00 (UTC +04:00)
“Bu il İran Azərbaycanda da qeyd edilən və Novruz mərasimləri kompleksinin mühüm tərkib hissəsi sayılan “çillə gecəsi”nin (dekabrın 21-dən 22-nə keçən gecə) “Celebration of Yelda” (Yeldanın qeyd edilməsi) adı ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün təşəbbüs göstərib.
Novruz mərasimlər kompleksində yer tutan “çillə gecəsi” ilə bağlı YUNESKO-ya müraciət ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu il İran Azərbaycanda da qeyd edilən və Novruz mərasimləri kompleksinin mühüm tərkib hissəsi sayılan "çillə gecəsi"nin (dekabrın 21-dən 22-nə keçən gecə) "Celebration of Yelda" (Yeldanın qeyd edilməsi) adı ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün təşəbbüs göstərib. Dədə-babalarımızın yaratdığı bu mədəni irsə bu gün İranın sahib çıxması bizi narahat etməlidir".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.

İranda da "uzun gecə" mənasını verən "şəbi-yelda" adı ilə "çillə gecəsi"nin keçirildiyini söyləyən alim əlavə edib ki, "çillə gecəsi" Azərbaycanın bir çox ərazilərində, xüsusilə Naxçıvanda qeyd edilir: "Qədim zamanlarda insanlar hələ yazın gəlişinə 3 ay qalmışdan fikirləşiblər ki, yaza necə sağ-salamat çıxaq. Bu 3 ay müddətində "böyük çillə", "kiçik çillə", "boz ay" olur. Həmin dövrlər əvəzləndikcə də hər dövrün öz ritualları yaranıb. Bu dəyərləri özündə saxlayan "çillə gecəsi" günündə Naxçıvanda hətta "çillə qarpızı" mərasimi keçirilir. Bu mərasimin xüsusi ənənələrlə keçirilmə adəti indiyədək qorunulub saxlanılır. Dövlət səviyyəsində bu məsələyə o qədər də diqqət yetirilmir. Amma "çillə gecəsi" bizim dədə-babalarımızın yaratdığı maddi-mənəvi irsdir. İranın bu gecəni "Celebration of Yelda" adı ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salmaq istəyi bizi dərindən düşündürməlidir. Çünki bizim bu dəyərlərimiz tədricən İran mədəniyyətinin nümunəsi kimi beynəlxalq qurumlara təqdim edilir".

A.Əhmədlinin sözlərinə görə, hələ 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" layihəsi qəbul edilib.

Novruz mərasimlər kompleksində "çillə gecəsi"nin xüsusi önəminin olduğunu deyən A.Əhmədli əlavə edib ki, "çillə gecəsi" Azərbaycanın da mənəvi irsi olduğundan onun YUNESKO-nun siyahısına hər iki ölkənin mədəni irsi kimi qəbul edilməsi məsələsi qaldırılmalıdır. Bunun üçün isə YUNESKO-nun həmin məsələni müzakirə edəcək komissiyasında Azərbaycanın da iştirakı təmin edilməlidir. Artıq bu barədə YUNESKO-nun Azərbaycandakı nümayəndəliyinə də məlumat verilib.

YUNESKO-ya nominasiyalar üzrə sənədlərin adətən martda təqdim edildiyini deyən alim bildirib ki, hər bir ölkə YUNESKO-ya nominasiyaların qəbulu üzrə sənədlərini iki ildən bir təqdim edə bilər. Azərbaycanın Lahıc misgərlik sənəti üzrə nominasiyası sonuncu dəfə 2015-ci ildə qəbul edilib. Buna görə də Azərbaycan yalnız 2017-ci ildə YUNESKO-ya nominasiyalar üzrə müraciət edə bilər. İranın "yelda gecəsi"ni özünün mədəni nümunəsi kimi təqdim etməsinə baxmayaraq, Azərbaycan da 2017-ci ildə onun öz dəyəri kimi qəbul edilməsi üçün YUNESKO-ya müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti