...

Avropa Azərbaycan Məktəbi daha bir beynəlxalq quruma üzv qəbul edilib

Cəmiyyət Materials 23 Fevral 2016 15:41 (UTC +04:00)
Avropa Azərbaycan Məktəbi (EAS) Beynəlxalq Məktəblər Şurasına (CIS) üzv qəbul edilib.
Avropa Azərbaycan Məktəbi daha bir beynəlxalq quruma üzv qəbul edilib

Bakı. Trend:

Avropa Azərbaycan Məktəbi (EAS) Beynəlxalq Məktəblər Şurasına (CIS) üzv qəbul edilib. EAS artıq təhsildə dünyanın beynəlxalq standart və təcrübəsi ilə ad çıxarmış nüfuzlu məktəblər sırasına daxil olub.

Beynəlxalq Məktəblər Şurasının Dəstək və Qiymətləndirmə üzrə direktoru Qraham Reyncer Avropa Azərbaycan Məktəbinin üzvlük statusunun təsdiqi barədə göndərdiyi məktubda qeyd edib: "Biz Məktəbin hər bir nümayəndəsini Şura üzvlüyünə qəbul olduqlarına görə təbrik edirik. Şuranın tələblərinə şagirdlərin dünya vətəndaşları kimi yetişməsi üçün onlara bilik, bacarıq və qabiliyyətlərin aşılanması, yüksək keyfiyyətli təhsilin və məktəbin davamlı inkişafının təmin edilməsi daxildir".

Avropa Azərbaycan Məktəbinin direktoru Qrem Pollok məktəbin pedaqoji heyətinin bu yolda verdikləri töhfəni yüksək qiymətləndirib, tədris və təlimə olan yanaşmada mühüm dəyişikliklərin bilavasitə onların köməyi ilə həyata keçirildiyini bildirib. Məhz bu səylər nəticəsində Məktəb ötən il Beynəlxalq Bakalavriat təşkilatı tərəfindən "Dünya Məktəbi" kimi tanınıb və IB Diplom Proqramının azərbaycanlı şagirdlərə tədrisi üzrə avtorizasiya əldə edib.

Avropa Azərbaycan Məktəbində səfərdə olmuş Beynəlxalq Məktəblər Şurasının məsul nümayəndəsi Kris Massio Məktəbin Badamdarda tikilmiş yeni binasının ən müasir standartlara tam cavab verdiyini vurğulayıb, burada möcvud olan İT avadanlığı və resurslardan xüsusilə təsirlənib.

Qeyd edək ki, Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

2015-ci ilin iyun ayında Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq IB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb. Məktəbdə IB Diplom Proqramı üzrə tədris aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti