...

Gələcəyin televiziyası - Bizi hansı yeniliklər gözləyir?

Cəmiyyət Materials 24 Fevral 2016 11:31 (UTC +04:00)
Hər birimizin həytının ayrılmaz hissəsi olan televiziya bizlər üçün bir çox imkanlar yaradır.
Gələcəyin televiziyası - Bizi hansı yeniliklər gözləyir?

Fuad Allahverdiyev

Hər birimizin həytının ayrılmaz hissəsi olan televiziya bizlər üçün bir çox imkanlar yaradır. Müxtəlif kontent, fərqli kanal seçimi imkanları izləyici olaraq həyatımızı daha əyləncəli, maraqlı edir və bir çox hallarda televiziya hətta bizə əlavə imkanlar da verir.

Televiziya bugünkü mövcud səviyyəsinə çatmaq üçün bir neçə inkişaf mərhələsindən keçib və bu inkişaf ölkələr və regionlardan asılı olaraq ən fərqli formalarda indi də davam edərək artıq yeni bir televiziya modelinin formalaşmasına doğru istiqamətlənir.

Gələcəyə nəzər salmazdan və hər hansı bir proqnoz verməzdən əvvəl mən müasir dünyamızda, Azərbaycan və onun hüdudlarından kənarda televiziya ilə bağlı mövcud vəziyyət haqda danışmaq və gələcəyin televiziyasının yaranması üçün hansı imkanların olduğunu və həmçinin mənim internet televiziyanı necə görmək istəyimi təsvir etmək istərdim.

İndiki dövr. Efir yayımı və internet televiziya

Hər birimizin yaşam tərzinə təsir edən televiziyadan danışan zaman ilk öncə onu bildirmək lazımdır ki, indiki dövrümüzün televiziyasının əsas məqsəd və hədəfi izləyiciləri əyləndirmək, istehlakçı tələbi və ictimai rəyi formalaşdırmaq və yalnız ən sonuncu halda cəmiyyəti maarifləndirmək və məlumatlandırmaqdır. Bu mənada Apple brendinin yaradıcısı olan Stiv Cobs da televiziyanın cəmiyyətə və insanlara təsiri haqqında bir çox maraqlı fikirlər səsləndirib.

Televiziya özünəməxsus bir inkişaf dövrü keçib. Xarici ölkələrdə kabel və peyk televiziyası artıq uzun müddətdir ki, fəaliyyət göstərir.

Həmçinin bu televiziya yayım növləri ilə yanaşı bir sıra ölkələrdə artıq internet televiziya da inkişaf edir. Dünyada davam edən bu inkişaf fonunda isə Azərbaycanda hələ də efir yayımı əsas yayım növü olaraq qalmaqdadır. Kabel və peyk televiziyası ölkəmizdə indiki şəraitdə elə də yüksək inkişaf səviyyəsinə malik deyildir, internet televiziya isə hələ ki özünün ilkin addımlarını atmaqdadır.

Ümimiyyətlə, bir çox ölkələrdə televiziya sahəsinin inkişafı maraqlı məqamlarla müşahidə olunur. Bu məqamlardan biri də ondan ibarətdir ki, bir sıra ölkələrdə televiziya keyfiyyətli və unikal bir məhsulun yaradılması ilə məşğuldur. Çünki izləyicinin sonsuz sayda seçim imkanı olduğu şəraitdə ona elə bir məhsul təqdim olunmalıdır ki, bu məhsul həm rəqəbətə davamlı olsun, həm də izləyicilərin marağını özünə cəlb edə bilsin. Beləliklə də izləyici daha maraqlı olan televiziyanın istifadəçisinə çevrilsin.

Məhz indiki dövrümüzdə bir sahədə ixtisaslaşmış, ayrıca bir kontenti təqdim edən kanalların yaranması da bununla əlaqədardır. Bu tip xüsusiləşmiş kanallar ənənəvi televiziyadan fərqli olaraq müvafiq abunə haqqı əsasında yayımlanır və gəlir qazanırlar. Əgər bununla bağlı biz yerli telekanallarımıza fikir versək və müqayisə aparsaq görərik ki, efir telekanalları əsasən efirdə yayımlanan reklamdan gəlir götürmək istiqamətində fəaliyyət göstərirlər ki, bunun nəticəsində kreativ məhsul ikinci dərəcəli hala çevrilir. Belə olan halda isə televiziya kanalları xarici ixtisaslaşmış kontenti ayrıca maliyyə və müqavilə əsasında satın alırlar.

Əgər nəzərə alsaq ki, televiziyanı izləyən azərbaycanlıların sayı milyonlarladır və onların hər biri potensial müştəridir, bu zaman belə bir nəticəyə gəlmək olar ki, bu izləyicilər üçün maraqlı, kreativ bir məhsul yaratmaq mümkündür və bu məsələ artıq zamanın tələbinə çevrilib. Nəzərə almaq lazımdır ki, indiki şəraitdə heç bir çap mətbuatı, küçə reklamı, radio və ya digər KİV növü bu cür potensiala malik deyildir. Digər inkişaf potensialı isə yalnız internetdə mövcuddur. Lakin burada da çətinliklər vardır ki, bunların arasında internetə çıxış, avadanlığın alışı ilə bağlı probemləri göstərmək olar.

Belə ki, indiki şəraitdə ölkəmizdə hələ də bəzi ərazilər vardır ki, bu ərazilərdə internet xidməti coğrafi, iqtisadi və ya texnoloji səbəbdən aktiv deyildir. Həmçinin onu da demək yerinə düşər ki, hazırki şəraitdə hər hansı kontenti almaq imkanı olan alıcıların əlavə texniki avadanlıqları ala bilməməsi səbəbindən onların yalnız bir informasiya əldə etmək mənbəyi vardır ki, bu da bir neçə efir kanalının yayımlandığı və müəyyən informasiyanın verildiyi televizordur. Bu isə öz növbəsində seçimin az olması və belə bir məhdud seçim şəratinin izləyicinin zövq və düşüncələrinə mənfi təsir göstərməsi deməkdir.

Bu arada ABŞ-da isə internet və bir neçə xidmətin (televizor+internet) birlikdə nisbətən zəif təqdim olunmasına baxmayaraq bir çox insanlar ənənəvi telekanallardan imtina edərək internet televiziya, "Netflix" və "Hulu" kimi servislərə abunə olurlar.

Beləliklə, bir düymə ilə evdə istənilən ekran və planşetləri işlək vəziyyətə gətirmək daha asan və cəlbedici olur ki, bu da insanlar üçün daha əlverişli təklif kimi görünür.

Qeyd edək ki, bu istiqamətdə xarici şirkətlər hər gün çalışır, əlavə, daha maraqlı xidmətlərin göstərilməsi üçün daim yeniliklər edirlər. Məsələn, bir müddət öncə YouTube bu servisdə mövcud olan profilin yoxlanılmasından sonra birbaşa yayım imkanı yaratmağa icazə verib ki, bu da internet televiziyanın inkişafı üçün çox vacib addımdır.

Bundan başqa hazırda böyük və heç də ucuz olmayan Smart TV ilə yanaşı digər alternativlər-kiçik TV qurğular olan Smart Box qurğuları kimi texnoloji yeniliklər də meydana çıxır ki, bu qurğular müxtəlif onlayn servislərə çıxış imkanı yaradır, evimizdəki televizorun imkanlarını daha da artırır və planşetdən yayıma icazə verirlər.

Həmçinin maraqlı məqamlardan biri də budur ki, xarici ölkələrdə internet televiziyanın inkişafında müxtəlif texnoloji yeniliklər tətbiq olunur. Məsələn, 4K dəstəyi ilə televizor, kamera və proyektorların geniş yayılması fonunda internet televiziyanın ənənəvi televiziya növündən daha əvvəl bu formatda yayıma keçməsi məsələsi aktuallaşır. Artıq "Netflix" şirkəti daima yeni xidmətləri test edir.

Məsələn, 2014-cü ildə şirkət Ultra HD proekt buraxıb ki, bununla da 4K kontenti üzrə ən böyük provayderlərdən birinə çevrilmək fikrindədir. Bunun sayəsində yaxın gələcəkdə ən sevimli serialların yeni sezonunu ultra dəqiq ölçülərdə izləmək mümkün olacaq. Onu da demək lazımdır ki, zaman keçdikcə bu proses qaçılmaz bir şəkildə internet və infrastrukturun yenilənməsinə gətirib çıxardacaq. Yəni informasiya toplayıcı qurğuların ölçüləri daha kiçik olacaq, bu quruğların yaddaş həcmi isə daha böyük olacaq. Bəs bütün bunlar nəticəsində bizi hansı dəyişikliklər gözləyir və gələcəkdə televiziya izləyiciləri və müəlliflər hansı imkanlara sahib ola biləcəklər?

Gələcək dövr. Yeni imkanlar və texnoloji yeniliklər

Bu gün dünya üzrə texnoloji inkişaf o səviyyədə və elə sürətlə davam edir ki, şirkətlər daha müasir texnologiya yaratmaq üçün hər gün rəqabət aparırlar. Bu rəqabət televiziya sahəsində daha maraqlı kontentin və izləyicilərə ödənişsiz və ödənşli halda əlavə üstünlük və imkanların verilməsi sahəsində də davam edir.

Hazırda dünyada gedən inkişaf nəticəsində yaxın və uzaq gələcəkdə bir sıra maraqlı yeniliklərin tətbiqi baş verəcək. Məsələn, Smart TV və genişzolaqlı internet bütün dünyada olduğu kimi bizdə də müxtəlif regionlara daxil olacaq. Daim texniki yenilik axtaran izləyicilər Apple TV və Android Smart Box kimi onlayn TV izləmək imkanı yaradan, müxtəlif kontent təqdim edən qurğulardan istifadə edəcəklər. İnternet televiziya ilə tamamilə birləşənə qədər televiziya daha interaktiv olacaq. Həmçinin bizi multiekran texnologiyalarının geniş inkişaf spektri, peyk 4K yayımının, keyfiyyət baxımından hər şeyi əhatə edən, telekanalları qabaqlayan və müvafiq auditoriyanı əhatə edən çoxlu sayda telekanalların yaranması gözləyir.

Gələcək dövrdə multiekranların əvəzinə yeni nəsil smartfon və smartbukların gəlməsi və bundan sonra holoqrafik şəkillərin erasının başlanması da proqnozlaşdırılır. Eyni zamanda müxtəlif şəkillərin istənilən yastı masaya proeksiyası imkanı yaranacaq ki, bununla da təkcə video deyil, istənilən məlumatı izləmək mümkün olacaq (operativ məlumat, hava proqnozu və digər məlumatlar). Bu da bizlərə dünyanın istənilən nöqtəsində informasiyaya çıxış imkanını təmin edəcək. Burada onu da demək yerinə düşər ki, gələcəkdə internet televiziya həytımıza, indiki şəraitdə internetin təsir etdiyi kimi təsir edəcək.

Təsəvvür edin ki, çox da uzaq olmayan gələcəkdə istənilən xidmətə çatan bilən, əlavə xidmətləri, maraqlı kontenti özündə cəmləyən bu "rahat divan" dünya üzrə demək olar ki, hər bir evdə mümkün olacaq. İnternet televiziyanın bütün dünya üzrə hər birimizin evinə daxil olması şəraitində nisbətən uzaq gələcəkdə televizoru "passiv izləmə" halı demək olar ki, yox olacaq. Məlumat üçün bildirək ki, televizoru "passiv izləmə" halı hər hansı bir izləyicinin divanda əyləşmiş halda sadəcə vaxt keçirmək, darıxmamaq və beyninin istəklərini yerinə yetirmək üçün mexaniki şəkildə kanalları dəyişməsi halıdır. İnternet televiziya texnologiyasının həyatımıza daxil olması ilə isə günlərlə və ya həftələrlə sevimli teleşounu gözləyən insanların tənbəl izləyicidən multiizləyiciyə çevrilməsi halı baş verəcək.

Həmçinin texnoloji yeniliklər nəticəsində gələcəkdə televizoru izləməklə istirahət etmək və resursları artırmaq mifi də dağılacaq. Piratlıqla mübarizə, ödənişli servislərin inkişafı və qanuni kontent satışını daha da sürətləndirəcək. Lakin bununla belə bütün qadağalara baxmayaraq, izləyiciyə daha çox istiqamətlənmiş olan "pirat" və həmçinin maneəsiz əldə oluna bilən kontent hələ də populyar olacaq və bu kontentlərə tələbat qalacaq.

Gələcəkdə bulud texnologiyalarının inkişafı da sürətlənəcək və bu texnologiya yeni imkanlar verəcək. Digər maraqlı yeniliklərdən biri də bu olacaq ki, bir neçə ildən sonra Smart TV və digər ödənişli xidmətlər (Netflix, Hulu, Amedia) izləyicilərin istək və təkliflərini öyrənmək işində uğurlar qazanacaqlar. Məsələn, bu şirkətlər televiziya yayımında insanların seyr etdikləri film və verilişlərin statistikasını aparacaq, bununla da təkrar yayımlanan veriliş və filmlər efirdən çıxarılaraq məhz izləyicilərin istədikləri kontent onlara təqdim ediləcək.

Vaxt keçdikcə ev şəraitinin televizora uyğunlaşdırılması kimi ehtiyyac da olmayacaq. Həmçinin gələcək dövrdə insanlar uzun mühazirələri, şou və ya iki şəxsin debatı kimi verilişləri mobil qurğular üzərindən istənilən yerdə izləyə biləcəklər. Beləliklə ikinci ekran (internet yayım) birinci ekranla (televiziya) yerdəyişmə edəcək ki, bunun nəticəsində də birinci ekrana tələb azalacaq.
Qarşımızda açılan gələcək dövr texnologiyaylara sıx bağlı olacaq və bu texnologiyalar bizim dünya ilə qarşılıqlı münasibətimizi dəyişəcək. Belə bir gələcək dünyada eksperimentlər üçün böyük imkan, rəqabət üçün isə sıx mühit olacaq.

Multifunksional internet televiziyası: nitq və eşitmə qabiliyyətində qüsurlu insanlara yeni imkanlar

Bir müddətdən sonra hər birimizin evində olacaq multifunksional internet televiziyası izləyici və veriliş müəlliflərinə bir çox yeniliklər verəcək. Məsələn, gələcəkdə statistik təhlilərin aparılması işində də yeniliklər olacaq. Belə ki, bu gün artıq bir çox texnoholdinq və telekanalların xüsusi proqramları, tətbiqləri var ki, bu tətbiqlər insanların hər hansı bir teleşouya, mühazirəyə və onun bir parçasına baxan zaman lazım olan statistikanı çıxarmağa imkan verir.

Həmçinin bu tətbiqlər proqramın izlənməsinin ən pik nöqtəsini də təyin edir. Gələcəkdə isə bu proqramlar daha da inkişaf edəcək və çıxarılacaq statistik məlumat debatı, şounu aparan şəxsdə verilişin müəyyən hissəsinin hansı səbəblərdən cansıxıcı və ya daha maraqlı olması kimi faktları təyin etməyə, həmçinin bu prosesi necə idarə etmək və dəyişmək olar kimi dəqiq məlumatları yaratmağa imkan verəcək.

Maraqlı və inqilabi yeniliklərdən biri də o olacaq ki, hər birimizin evində olacaq gələcək televiziya həmçinin nitq və eşitmə qabiliyyəti zəif olan insanlara da bir çox üstünlüklər verəcək. Artıq araşdırmalar göstərir ki, gələcək televiziya eşitmə və görmə funksiyalarında problem olan insanlar üçün daha əlçatan olacaq. Avtomatik subtitrlərin yaranması, bir az uzaq olan gələcəkdə isə nitqin sinxron tərcümə imkanı ilə subtirtlər və həmçinin hər yerdə jest dilinin tətbiqi böyük dəyişikliklərə gətirib çıxardacaq. Bununla yanaşı nitqi tanıma və konteksti anlama üzrə texnologiya da inkişaf edəcək və imkan verəcək ki, izləyici istənilən kontenti daha asan anlasın və avtomatik subtitrlar vasitəsilə müxtəlif dillərdə kontentə baxa bilsin. Həmçinin bu gün TED tərəfindən tətbiq edilən audionun avtomatik deşifrəsi imkanı uzun bir video faylda lazımlı bir fraqmentin açar sözlər vasitəsilə asan şəkildə tapılmasına əlavə şərait yaradacaq.

Maraqlıdır ki, yaşadığımız bu onilliyin sonunda 4K texnologiyası 8K TV ilə əvəzlənəcək ki, bu da İMAX HD keyfiyyətinə bərabər olacaq. Bu da öz növbəsində izləyicilər və kontenti yaradan müəlliflər qarşısında yeni imkanlar açacaq.

Gələcək televiziyadan danışan zaman onu demək lazımdır ki, hazırda müxtəlif teleşou, proqramların yaradılması üzrə texnologiya heç də tam müasir deyildir. Məlumat üçün bildirək ki, yalnız HBO şirkəti adi mənzildə formalaşmış bir qərargahdan böyük bir mediaholdinqə çevrilib və davamlı inkişafı mərhələləri keçib. İndiki dövrdə telekommunikasiya sahəsində baş verən yeniliklərdən biri isə odur ki, çox baha olmayan video yazmaq imkanları, texnoloji innovasiyalar və müxtəlif maraqlı və qeyri-adi mövzulara olan maraq iki-üç insandan ibarət olan bir komandanın əsl bir telebriqadaya çevrilməsinə imkan yaradır ki, bu telebriqada böyük televiziyalara nisbətən daha çevik, maraqlı və əyləncəli bir məhsul ərsəyə gətirə bilir. Bu tendensiyanı biz hazırda "Vice" şirkətinin timsalında görə bilərik. Həmçinin hazırda internet televiziya briqadaları az səy göstərməklə böyük qazanc əldə etməyə deyil, keyfiyyəti artırmaqla yeni, analoqu olmayan, inqilabi bir məhsul yaratmağa doğru istiqamətlənirlər.

Burada onu da bildirmək istərdim ki, məhz bu konsepsiyanı mən müəllifi olduğum tam yeni bir televiziya layihəsi olan Azerbaijan Travel Guide (AZTG, copyright №8744) layihəsində əsas olaraq götürmüşəm.

Gələcəyin çoxfunksiyalı internet televiziyasından, imkan və yeniliklərdən danışan zaman onu da demək yerinə düşər ki, gələcəkdə internet yayımın necə bir kontentdən asılı olması bizim hər birimizdən də asılıdır. Belə ki indi hər birimiz üçün vacib olmalıdır ki, öz səsimiz, diqqətimiz, seçimimiz və həmçinin təkcə like&share (İlk dəfə bu funksiya mənim tərəfimdən Ailə TV operatorunda müəllifi olduğum OTT TV layihəsində tətbiq olunub) funksiyası ilə kifayətlənməyən keyfiyyətli əks əlaqənin vasitəsilə televiziya kontentinin daha da müasirləşməsi və yaxşılaşmasına öz töhfəmizi verək.

Belə ki, internet televiziya kontentinin, gələcəyin kitabları və gündəlik istifadə etdiyimiz bir çox məhsulların nə dərəcədə effektiv və keyfiyyətli olması bizim bu əks əlaqə və qarşılıqlı ünsiyyətimizdən birbaşa asılı olacaq.

Buna görə hər birimiz üçün vacib məsələ yeni imkanlar axtarmaq, yeni üfüqlər kəşf etmək, yaşam keyfiyyətini artırmaq və bununla da həyatımızı daha da maraqlı etmək olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti