...

Yaponiyalı məşqçi: "Bakıdakı Milli Gimnastika Arenası idealdır"

Cəmiyyət Materials 3 Mart 2016 17:21 (UTC +04:00)
"Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda medal qazanmaq istərdik".
Yaponiyalı məşqçi: "Bakıdakı Milli Gimnastika Arenası idealdır"

Bakı. Maksim Tsurkov - Trend:

"Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda medal qazanmaq istərdik". Bunu Trend-ə batut gimnastikası üzrə Yaponiya yığmasının məşqçisi Daisuke Nakata deyib.

Onun sözlərinə görə, Yaponiya nümayəndə heyəti Bakıda olmaqdan çox şaddır: "Yarışların keçiriləcəyi məkan çox xoşumuza gəldi. Hər şeydən çox razıyıq. Bir nömrəli favorit hesab edilməsək də, yüksək yerlərə ümid edirik".

Məşqçi ilk dəfə Bakıda olduğunu bildirib: "İki həftə əvvəl idman gimnastikası üzrə Dünya Kuboku üçün bura gəlmiş həmkarlarımızdan Bakı və Milli Gimnastika Arenası barədə çox eşitmişdik. Və bütün rəylər müsbət idi. Həmin vaxt onlar demişdilər ki, Azərbaycandakı arena sadəcə idealdır və indi bunu görürəm. Şəhəri hələ gəzə bilməmişik, lakin Bakıdan ilkin təəssüratımız güclü küləyin əsməsidir".

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti