...

Azərbaycan müxtəlif idman yarışlarının təşkili məsələlərində mütləq çempiondur

Cəmiyyət Materials 3 Mart 2016 18:42 (UTC +04:00)
Azərbaycan müxtəlif idman yarışlarının təşkili məsələlərində mütləq çempiondur.
Azərbaycan müxtəlif idman yarışlarının təşkili məsələlərində mütləq çempiondur

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan müxtəlif idman yarışlarının təşkili məsələlərində mütləq çempiondur. Bunu Trend-ə Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunun diktorlarından biri Nils Daniel deyib.

O, hesab edir ki, Azərbaycan Gimnastika Federasiyasının simasında yarışların təşkilatçıları böyük iş görüblər, çünki dünyanın ən yaxşı idmançıları turnirə gəlirlər: "Dünya Kubokunun səviyyəsi son dərəcə yüksək olacaq".

N.Daniel qeyd edib ki, Dünya Kubokunun keçirilmə vaxtı ideal seçilib: "Artıq martın sonunda İspaniyada Avropa çempionatı start götürür. Bu baxımdan Bakıdakı turnir idmançılar üçün də münasibdir, onlar burada özlərini yoxlaya bilərlər".

Diktor tamaşaçılara maraqlı olması üçün şərhçi bazasını yarışa hazırlamağa davam etdiyini deyib: "Tamaşaçılara müraciət etmək istərdim. Dünyanın ən yaxşı gimnastlarını görmək istəyirsinizsə, Milli Gimnastika Arenasına gəlin".

O, həmçinin gimnastika üzrə yarışlarda diktorluq etməyə başlaması barədə danışıb: "Əslində belçikalı televiziya jurnalistiyəm. 15 il əvvəl Belçikada bədii gimnastika üzrə beynəlxalq turnir təşkil edilmişdi və dostum öz xanımı ilə həmin yarışlarda diktor olmağı təklif etdi. Həmin turnirdə müxtəlif federasiyalar məni gördülər və dəvət etməyə başladılar. Bundan sonra Belçika, Avropa və dünya çempionatlarında diktor işləyə bildim".

N.Daniel əlavə edib ki, Bakı onun üçün yeni təəssüratdır: "İlk dəfə Bakıda iki həftə əvvəl idman gimnastikası üzrə Dünya Kubokunda oldum. Əla arena var, könüllülər çox yaxşı işləyirlər, təşkilatçılıq işləri, demək olar, idealdır. Daha əvvəl əmin idim ki, ən yaxşı dünya kubokları Dohada keçirilir, lakin indi hesab edirəm ki, Bakı Qətərin paytaxtını ötüb. Şəhərə, insanlara heyran olmuşam, onların qonaqpərvərliyini hiss edirəm və bu, inanılmaz hissdir".

O, diqqətə çatdırıb ki, iyulda Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda diktor kimi fərəhlə işləyəcək: "Niyə də olmasın? Federasiyadan dəvət alsam, məmnuniyyətlə bir daha bura gələrəm və hətta dənizdə çimərəm".

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcəklər.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti