...

Hafiz Paşayevin italyan dilində "Bir səfirin manifesti" kitabının təqdimatı olub

Cəmiyyət Materials 4 Mart 2016 18:16 (UTC +04:00)
Martın 4-də Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin İtaliyanın “Sandro Teti” nəşriyyat evində italyan dilində çapdan çıxmış “Bir səfirin manifesti” kitabının təqdimatı olub.
Hafiz Paşayevin italyan dilində "Bir səfirin manifesti" kitabının təqdimatı olub

Bakı. Trend:

Martın 4-də Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin İtaliyanın "Sandro Teti" nəşriyyat evində italyan dilində çapdan çıxmış "Bir səfirin manifesti" kitabının təqdimatı olub.

Mərasimdə rəsmi şəxslər, ictimai-siyasi xadimlər, elm adamları iştirak ediblər.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo kitab haqqında danışıb, səfir Hafiz Paşayevin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xaricdə ölkəmizin təmsil olunması, düzgün tanıdılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.

İki ölkə arasında sürətlə inkişaf edən əməkdaşlıqdan danışan Ciampaolo Kutillo Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliyanın Baş naziri Matteo Renzinin səmimi münasibətləri sayəsində bu əlaqələrin daha da genişləndiyini qeyd edib.

Heydər Əliyev Fondunun İtaliyada mənəvi dəyərlərin qorunmasına böyük dəstək verdiyini bildirən səfir Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Hafiz Paşayev çıxış edərək "Bir səfirin manifesti"nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı, öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan Hafiz Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair mülahizələr toplanılıb. O vurğulayıb ki, yaxşı diplomat ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar.

Hafiz Paşayev kitabın bu yaxınlarda İtaliyada keçirilən təqdimatından da danışıb. O, kitabın əslində italyanların da ABŞ haqqında məlumat alması üçün əhəmiyyətli olduğunu bildirərək səfir üçün iki ölkənin mədəniyyətlərini bir-birinə yaxınlaşdırmağın vacibliyini vurğulayıb. Hafiz Paşayev ADA Universiteti ilə səfirlik arasında əməkdaşlığın bundan sonra da davam edəcəyini deyib. Qeyd edib ki, ADA Universiteti İtaliyanın bir sıra təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin qarşılıqlı səfərlərinin təşkili, təcrübə mübadiləsinin həyata keçirilməsi önəmli addımdır.

Tədbirdə, həmçinin Beynəlxalq Neft Şərq Akademiyasının vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Çapay Sultanovun "Qara qızılın qələbəsi" kitabının da təqdimatı olub.

Ç.Sultanov çıxış edərək italiyalı oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından "Bir səfirin manifesti" kitabının önəmini vurğulayıb. O, bu cür təşəbbüslərin ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin inkişafına xidmət etdiyini söyləyib. Bildirib ki, nəşrdə diplomatların yararlana biləcəyi çox dəyərli məlumatlar yer alıb. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir. Eyni zamanda, bu təşəbbüslər multikultural dəyərlərin təbliğində də əhəmiyyətli təsirə malikdir.

"Sandro Teti" nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan diplomatiyasının bütün xüsusiyyətlərini əks etdirən kitabın müəllifinə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycanla bağlı nəşrlərin oxuculara təqdim olunması bu ölkəni daha yaxından tanımaq imkanı yaradır. Nəşr haqqında fikirlərini bölüşən Sandro Teti kitabın təkcə peşəkar diplomatlarda deyil, həm də geniş oxucu kütləsində ciddi maraq doğuracağına əminliyini bildirib.

Tədbirdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, ölkəmizin multikultural mühitə malik bir məkan olması, Azərbaycan diplomatiyasının uğurları, İtaliyanın ölkəmizin Avropada önəmli strateji tərəfdaşı olması xüsusi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti