...

"Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?!" (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 18:53 (UTC +04:00)
Martın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Xəzər və Pirallahı rayonlarının İcra Hakimiyyətinin başçıları və müavinləri, o cümlədən həmin rayonların baş memarlarının iştirakı ilə toplantı keçirilib.
"Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?!" (FOTO)

Bakı. Trend:

Martın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Xəzər və Pirallahı rayonlarının İcra Hakimiyyətinin başçıları və müavinləri, o cümlədən həmin rayonların baş memarlarının iştirakı ilə toplantı keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin sədri Abbas Ələsgərov toplantı açaraq bildirib ki, bu toplantının keçirilməsində məqsəd Azərbaycan Prezidentinin 2016-cı il 26 fevral tarixli sərəncamının və Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarının icrası ilə bağlı müzakirələr aparmaq və Komitə tərəfindən metodiki yardım göstərilməsini təmin etməkdir.

O, qeyd edib ki, burada əsas məqsəd sahibkarlar üçün maneələrin aradan qaldırılmasıdır. Bu da gələcəkdə yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlar isə öz növbəsində, şəhərsalma və tikinti normalarına riayət etməlidirlər.

Komitə sədri bu sahədə müəyyən problemlərin mövcud olduğunu bildirib və vurğulayıb ki, bunlar əsasən tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmamasıdır: "Ən yüksək sıxlıq Nəsimi rayonunda müşahidə olunur. Bununla əlaqədar söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur. Planlaşdırma işləri üçün 1 hektardan 7 hektaradək ərazinin ayrılması tövsiyə olunur. Yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8-dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır. Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz".

A.Ələsgərov toplantı iştirakçılarına müraciət edərək bildirib ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaqdır.

Sonra ərazi planlaşdırma sənədləri, müfəssəl planlar barədə nümunələr, o cümlədən Bakı şəhəri üçün işlənilmiş ərazi planlaşdırma sənədləri barədə təqdimat nümayiş olunub və nümayiş olunan sənədlərlə bağlı geniş məlumatlar toplantı iştirakçılarının diqqətinə çatıdırılıb. Nümunə üçün şəhərin Nizami rayonunun ərazisində 5,9 hektar ərazini təşkil edən sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılması layihə təklifi də nümayiş olunub. Nümayiş olunan ərazi planlaşdırılması layihəsində sökülməsi nəzərdə tutulan binalarla yanaşı, mövcud binaların perspektiv inkişafı fonunda ərazinin tikinti sıxlığı və tikinti əmsalı, mərtəbəliliyi, abadlaşdırılması və sair öz əksini tapıb. Bu da mövcud müfəssəl planda düzəlişlər olunması deməkdir. Həmçinin söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsinin daha məqsədəuyğunluğu tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti