...

Altay Həsənov: Milli Federasiya baş katibinin Avropa Gimnastika İttifaqının prezidentliyinə namizədliyinin irəli sürülməsinin vaxtı çatıb

Cəmiyyət Materials 4 Mart 2016 21:07 (UTC +04:00)
Milli Gimnastika Arenasında beynəlxalq səviyyəli yarışların keçirilməsində Azərbaycanın böyük təcrübəsi var.
Altay Həsənov: Milli Federasiya baş katibinin Avropa Gimnastika İttifaqının prezidentliyinə namizədliyinin irəli sürülməsinin vaxtı çatıb

Bakı. Maksim Tsurkov - Trend:

Milli Gimnastika Arenasında beynəlxalq səviyyəli yarışların keçirilməsində Azərbaycanın böyük təcrübəsi var.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov jurnalistlərin martın 5-6-da Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokuna hazırlıq barədə suallarını cavablandırarkən deyib.

Altay Həsənov qeyd edib ki, batut gimnastikası üzrə Dünya Kuboku Bakıda ilk dəfə keçirilir, çünki gimnastikanın bu növü daha əvvəl belə inkişaf etməmişdi: "Yalnız iki il əvvəl gimnastikanın bu növünün populyarlaşdırılmasına başlamışıq. Və ilk dəfə olaraq, I Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə də yarışlar keçirildi. Hazırda bu, birinci Dünya Kubokudur. Məhz bu turnirlə Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə beynəlxalq yarışlarının təqvimi başlayır. Düşünürəm ki, təşkilatçılıq baxımından hazırıq. Bizə yalnız idmançıların komandasını hazırlamaq qalır".

Vitse-prezident gimnastikanın bu növündə cari il Olimpiya Oyunlarına lisenziya qazanılmamasından təəssüfünü bildirib. Bununla belə, Azərbaycan gimnastlarının Bakıda yaxşı çıxış edəcəklərinə ümid etdiyini diqqətə çatdırıb: "Gimnastikanın digər növləri kimi, ölkədə idmanın bu növünü də inkişaf etdirməyə davam edəcəyik. Bizim Milli Gimnastika Arenamız çox gözəl, unikal və qeyri-adidir. Burada idmançılar, məşqçilər, hətta uşaqlı valideynlər üçün şərait yaradılıb. Bildiyiniz kimi, yarışlar zamanı müxtəlif əyləncələr təşkil edirik. Arenada çoxlu gəncləri, uşaqlı valideynləri görmək olar, onlar burada darıxmırlar. Ən əsası budur, axı bu, idmanın təbliğidir. Ən vacib məqsədlərdən biri yalnız nəticələr deyil. Ən vacib məqsəd həm də gəncləri cəlb etməkdir. Və biz buna nail oluruq. Gimnastika Azərbaycanda çox populyarlaşıb - təkcə artıq 10 ildən çoxdur məşğul olduğumuz və inkişaf etdirdiyimiz bədii gimnastika deyil, həm də idman gimnastikası və batut gimnastikası".

Altay Həsənov gimnastika seksiyalarında məşğul olan uşaqların sayının çox olduğunu qeyd edib: "Tezliklə yerlərimiz qalmayacaq. Biz digər növləri, aerobikanı, akrobatikanı da inkişaf etdirməyə çalışacağıq və necə ki edirik".

Vitse-prezidentin sözlərinə görə, Azərbaycanda bədii gimnastikanın yenicə inkişaf etməyə başladığı dövrlərdə, demək olar, tamaşaçı yerləri yarıyadək boş idi, lakin bir neçə il ərzində azarkeşlərin özləri gəlməyə başladılar: "Təşviqatdan başqa, gəlib baxmaq istəyi də olmalıdır. Bədii gimnastikada bu istək yüksək səviyyədədir, idman gimnastikasında da artıq irəliləyiş var. Batut gimnastikasına gəlincə, biletlər satılır. Bu bizim üçün qeyri-adi görünə bilər, lakin insanlar baxmaq istəyirlər və heç kəsi məcbur etmirik. İlk Avropa Oyunlarında başqa cür idi. O zaman bir arenada gimnastikanın bütün 6 növü var idi".

Altay Həsənov bildirib ki, Bakıda Dünya Kubokunda tribunalar boş olmayacaq: "Reklam var, KİV-də yarışlar barədə elan olunmuşdu. Fikrimcə, tamaşaçılar üçün maraqlı olacaq. Bizim üçün bu yenidir. Qoy gəlsinlər, peşman olmazlar. Ardıcıl olaraq iki ildir ki, aktiv fəaliyyətə görə fərqlənən federasiyalar siyahısına daxil olmuşuq. Buna görə bizə hətta pul veriləcək. Biz ardıcıl olaraq çox sayda yarışlar keçiririk və bundan başqa, demək olar, bütün iri yarışlarda iştirak edirik, idmançılarımızı, nümayəndə heyətlərimizi göndəririk, bir sözlə, dünya gimnastika həyatında fəal iştirak edirik. Bundan başqa, idman funksionerlərimiz də artıq yetişib. Beynəlxalq Gimnastika Federasiyasında nümayəndəmiz də var. Federasiyamızın baş katibi Fərid Qayıbovun eyni zamanda Avropa Gimnastika İttifaqının vitse-prezidenti olması çox əhəmiyyətlidir. Bəyan etmək istəyirəm ki, özümüzdə o qədər imkan və güc hiss edirik ki, Avropa Gimnastika İttifaqına gələn il keçiriləcək prezident seçkilərində Fərid Qayıbovun namizədliyini irəli sürəcəyik. Fikrimcə, o, Azərbaycanda yetişən, gimnastika dünyasında çox hörmət edilən, layiqli idman funksioneridir. Biz onu dəstəkləyəcəyik. Ümid edirik, o, daha da irəli gedəcək. Sizin dəstəyinizə də ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti