...

Azərbaycanda Novruz bayramı münasibətilə keçiriləcək tədbirlər açıqlanıb (FOTO)

Cəmiyyət Materials 17 Mart 2016 13:30 (UTC +04:00)
Azərbaycanda Novruz bayramı münasibətilə keçiriləcək tədbirlər açıqlanıb.
Azərbaycanda Novruz bayramı münasibətilə keçiriləcək tədbirlər açıqlanıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda Novruz bayramı münasibəti ilə keçiriləcək tədbirlər açıqlanıb.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə bildirib ki, Azərbaycanda hər il martın 19-da Novruz bayramı dövlət səviyyəsində keçirilir: "Bu il də istisna deyil. Bu il də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakıda və Azərbaycanın bütün rayonlarında Novruz bayramı ümumxalq bayram səviyyəsində qeyd olunacaq. YUNESKO-nun mədəni irs siyahısında Azərbaycanın qədim milli bayramı kimi qeyd edilən Novruz bayramı min illərdən bəri xalqımızın mədəniyyəti, mənəviyyatı, əxlaqı ilə bağlı hər şeyi süzgəcindən keçirərək cağdaş dövrümüzə qədər gətirib çıxarıb".

Ə.Vəliyev deyib ki, bu ilki Novruz bayramının tədbirlərində Mədəniyyət və Turizm Nazirliyi, "İçərişəhər" Tarixi Mədəni Qoruq İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, İdman və Gənclər Nazirliyi, "Formula-1"in təşkilatçıları, Kənd Təsərrüfatı Nazirliyi yaxından iştirak edirlər.

Onun sözlərinə görə, martın 19-da Novruz bayramı tədbiri Milli Parkda bütün gün ərzində davam edəcək: "Azərbaycanın rayonlarından dəvət olunmuş və Bakıda fəaliyyət göstərən mədəniyyət müəssisəsələrinin müxtəlif - musiqi, xalq teatrının və s. kollektivləri gün ərzində Bakı şəhərinin bulvarına üz tutaraq, sakinlərlə birlikdə olacaqlar. Çoxlu sayda - minlərlə rekvizitlər hazırlanıb. Bayram şənliyi üçün bulvar tamamilə bəzədilib. İnsanların həmin gün ərzində maraqlı vaxt keçirməsi, sənət adamları ilə ünsiyyətdə olması üçün də imkan yaradılıb".

Ə.Vəliyev deyib ki, martın 19-da qüllənin yanında səhər saat 11-dən axşam 5-dək davamlı olaraq, konsert olacaq. Axşam saat 6-nın yarısından 8-ə 15 dəqiqə qalmışadək isə AZTV və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə "Böyük Bayram" konserti keçiriləcək.

Əvvəlki illərdən fərqli olaraq, bu ilki Novruz bayramında Kənd Təsərrüfatı Nazirliyi 3 gün ərzində böyük bayram yarmarkası keçirəcək. Həmin günlər ərzində də bazara gələnlər üçün konsertlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti