...

"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi özünün bütün hüceyrələri ilə nəfəs almağa başlayıb"

Cəmiyyət Materials 18 Mart 2016 20:17 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Prezident İlham Əliyevin təsdiqlədiyi Tədbirlər Planının icrası ilə bağlı müzakirə keçirilib.
"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi özünün bütün hüceyrələri ilə nəfəs almağa başlayıb"

Bakı. Trend:

Martın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinə dair Prezident İlham Əliyevin təsdiqlədiyi Tədbirlər Planında yer alan layihələrin icrası ilə bağlı müzakirə iclası keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclası Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev açaraq qonaqları salamlayıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Mədəniyyət və turizm nazirinin müavini, BBMM-in Məşvərət Şurası Mədəni-ictimai fəaliyyət komissiyasının sədri Ədalət Vəliyev, akademik İsa Həbibbəyli, Dini məsələlər üzrə komissiyanın sədri Gündüz İsmayılov, Elm komissiyasının sədri Vaqif Abbasov, BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, BBMM-in Himayəçilik Şurasının üzvü, millət vəkili Mixail Zabelin, eləcə də Təhsil və tədris komissiyasının sədri Asif Hacıyevın çıxış etdiyi iclasda 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsinə dair Prezident İlham Əliyevin təsdiq etdiyi Tədbirlər Planında nəzərdə tutulan layihə və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Rus provaslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbəri Aleksandr Ata, Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının sədri Melix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış edərək Azərbaycanda multikulturalizmin həyat tərzi olduğunu, ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd ediblər.

Multikultural palitranı xatırladan iclasda Azərbaycanda yaşayan müxtəlif etnik icmaların rəhbərləri də iştirak edib. Talış icmasının rəhbəri İmamverdi Həmidov, ləzgi icmasının sədri Sədaqət Kərimova, ingiloy icmasının rəhbəri Sevinc Bulacova, avar icmasının sədri Məhəmməd Nooyev, tatar icmasının rəhbəri Gülcan Miəsautova, kazak icmasının sədri Sergey Samuylov, Azərbaycandakı ingilis icmasını təmsil edən Ann Tomson dünyada tolerantlıq ənənələrinə, multikultural dəyərlərə inamsızlığın, dözümsüzlüyün artdığı bir zamanda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunmasını tarixi addım kimi dəyərləndiriblər və Tədbirlər Planında nəzərdə tutulan işlərin həyata keçirilməsində fəal iştiraka hazır olduqlarını bəyan ediblər.

İclasda BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə bu yaxınlarda Hindistanda keçirilən Dünya Mədəniyyət Festivalında Mərkəzin ölkəmizi sözügedən möhtəşəm tədbirdə təmsil etməsi haqqında təqdimatla çıxış edib.

BBMM-in Məşvərət Şurasının KİV və ictimaiyyətlə əlaqələr komissiyasının sədr müavini İsaxan Vəliyev bu yaxınlarda İsmayıllıda BBMM-in nümayəndəliyinin və Bilik Evinin açılması haqqında məlumat verib.

Yekun nitqi ilə çıxış edən akademik K.Abdullayev bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi özünün bütün hüceyrələri ilə nəfəs almağa başlayıb: "Artıq Almaniyada, Portuqaliyada, Rusiyada, Qazaxıstanda və İtaliyada bizim Mərkəzin rəsmi filialları fəaliyyətə başlayıb. Xaricdə filiallarla yanaşı bölgələrimizdə də multikulturalizmin təsiri altında, cənab Prezidentin bu ideyaya verdiyi önəmin işığında Azərbaycan multikulturalizminin təbliğ edən, onu cəmiyyətin həyatına elmi və düşünülmüş şəkildə daxil edən çoxsaylı tədbirlər həyata keçirilir. Burada qeyd olundu, artıq Oğuzda, İsmayıllıda, Qaxda multikulturalizm ideyalarının çarçısı olan Bilik evləri açılıb. İsmayıllıda da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəliyi açılıb. Cənab prezidentin imzaladığı bu Tədbirlər Planı bir il üçün nəzərdə tutulmayıb. Bunu hamımız ilkin oxunuşda da hiss edirik. Bu, əslində "Multikulturalizm ili" bitəndən sonrakı dövrə də hesablanmış və perspektivi uzun gələcəyə yönəlmiş Tədbirlər Planıdır. "Azərbaycan multikulturalizmi" fənninin tədrisi buna misal ola bilər. Hazırda dünyanın 13, Azərbaycanın 28 ali təhsil ocağında bu fənn tədris edilir və bu fəaliyyət sferası gündən-günə genişlənir. Bizə dünyanın müxtəlif ölkələrindən-Hindistandan, Braziliyadan və bır sıra ölkələrdən bu fənnin tədrisi ilə bağlı təkliflər gəlməkdədir. İnanıram ki, biz tezliklə bu fənnin tədrisi ilə bağlı Avropanın sərhədlərini də vurub keçəcəyik. Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən mənəvi, ideoloji, siyasi hədəf həmişə elə dəqiqliklə və elə uzaqgörən bir siyasətlə göstərilir ki, o hədəflərə doğru gedərkən biz həm Azərbaycanı dünyada daha obyektiv tanıtmağa nail ola bilirik, eyni zamanda dünyanı da öz ölkəmizdə daha işıqlı şəkildə tanıtma imkanı əldə edirik".

O, qeyd edib ki, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanın bölgələrində yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliğidir: "Multikulturalizmin təbliği bizim dünyaya səslənişimizdi, dünyaya sevgi, mərhəmət mesajımızdı, azərbaycanlı anlayışının daha aydın şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. İnanıram ki, hamımız əl-ələ verib bu işi uğurla başa çatdıracağıq və yeni hədəflərə doğru irəliləyəcəyik. Bizə o qalır ki, ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri, dini konfessiyalar təmsilçiləri, bütövlükdə Azərbaycan cəmiyyəti adından cənab Prezidentə səmimi-qəlbdən təşəkkürümüzü bildirək".

K.Abdullayev deyib ki, Prezident İlham Əliyev Azərbaycan üçün ideoloji baxımdan vacib məsələni siyasi müstəviyə qaldırdı: "Bu gün Azərbaycan multikulturalizminin səsi Avropa İttifaqından, Avropa Parlamentindən, ABŞ-ın ştatlarının parlamentlərindən, eləcə də oradakı nüfuzlu yəhudi, xristian icmalarından gəlir. Onlar da bizim gördüyümüz işə, xalqımızın əhval-ruhiyyəsinə və multikultural mənəviyyatına yüksək qiymət verməkdədirlər".

Sonra Dövlət müşaviri Mərkəzin Himayəçilik Şurasının üzvü M.Zabelini anadan olmasının 70 illiyi münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rəsmi hissədən sonra Mərkəzdə Novruz bayramı münasibətilə tədbir olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti