...

Millət vəkili Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 21 Mart 2016 16:42 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb, onları təbrik edib.
Millət vəkili Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb, onları təbrik edib.

Q.Paşayeva Novruz bayramı münasibətilə rayonun şəhid ailələrini təbrik edib və onlara ən gözəl diləklərinə çatmalarını diləyib: "Əziz şəhidlərimiz nur içində yatsınlar. Şəhidlərimizin və onların dəyərli ailələrinin hər zaman könlümüzdə özəl bir yeri var və bu əziz bayramda da sizinlə birlikdə olmaq, sizi təbrik etmək bizim üçün bir borc, müqəddəs vəzifədir".

Ermənistanla ön cəbhədə yerləşən Tovuzda 300-ə yaxın şəhid ailəsi olduğunu, şəhidlərimizin bir çoxlarını zamanında yaxından tanıdığını deyən millət vəkili dəyərli şəhidlərimizin ən böyük amalının torpaqlarımızın işğaldan azad edilməsi olduğunu xüsusi vurğulayıb: "İnşallah, gələn Novruz bayramını Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edə. Şəhidlərimizin ruhu o zaman sakitlik tapacaq və biz bir millət olaraq əsl bayramı onda qeyd edəcəyik".

Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Həsənov, rayonun fəal xanımlarından Sürəyya İsmayılova da çıxış edərək şəhid ailələrini təbrik ediblər.

TUSİAB-ın rəsmi nümayəndəsi Səlcuk Düzgün çıxışında şəhidlərimizə bir daha rəhmət diləyib və bildirib ki, Azərbaycanın şəhidi Türkiyənin, Türkiyənin şəhidi isə Azərbaycanın şəhididir.

Azərbaycan-Türkiyə qardaşlığından geniş danışan S.Düzgün bu gözəl bayramlarımızı işğaldan azad edəcəyimiz bölgələrimizdə qeyd edəcəyimiz günlərin uzaqda olmadığını bildirib.

Sonra bütün şəhid ailələlərinə bayram hədiyyələri təqdim edilib.

Tədbirin sonunda millət vəkili Q.Paşayeva bir çox şəhid ailələrini dinləyərək onların qayğı və problemləri ilə də maraqlanıb və ortaya çıxan bəzi məsələlərin həlli istiqamətində lazımi dəstək göstərəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti