...

Azərbaycanda turizm fondları yaradıla bilər

Cəmiyyət Materials 30 Mart 2016 17:24 (UTC +04:00)
Azərbaycanda turizm fondlarının yaradılması nəzərdə tutulur.
Azərbaycanda turizm fondları yaradıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm fondlarının yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" yeni qanun layihəsinin ilkin variantının müzakirəsi zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən vəsaitlərin və digər formada xarici investisiyaların həcmi turizm sahəsində nəzərdə tutulan məsələlərin həllinə nail olmağa kifayət etmir. Ona görə də turizm fondlarının və daha cevik maliyyə mexanizmlərinin yaradılması, bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsi lazımdır.

M.Qəhrəmanov bu məsələlərin qanuna əlavə edildiyini də söyləyib.

O deyib ki, turizm infrastrukturunun yaradılması çox vacib məsələlərdən biridir: "Regionlarda yollarla, infrastrukturlarla bağlı layihələr həyata keçirilir. Lakin Azərbaycanı həmişə nümunə kimi göstərdiyimiz Türkiyə, İtaliya, İspaniya kimi tirizm ölkəsinə çevirmək istəyiriksə, mütləq müəyyən turizm və rekreasiya zonaları yaradılmalıdır. Həmin zonalara dövlətin dəstəyi ilə birdəfəlik maliyyə vəsaitləri cəlb olunmalıdır. Həm yerli, həm də xarici investorların köməyindən istifadə edərək yataq yerlərinin sayını maksimuma çatdırmalıyıq. Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsi yollarından biri yataq yerlərinin sayının çox olmasıdır. Bununla bağlı infrastruktur üçün dövlət idarəetmə tələbləri məsələsini ortaya qoymuşuq. Bu məsələ turizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşmasına yardım edəcək".

M.Qəhrəmanov deyib ki, layihəyə əsasən, ölkənin mövcud turizm potensialının, xidmətlərin həm yerli, həm də xarici səviyyədə tanıdılması, yəni reklam məqsədləri üçün idarəetmə formatında turizm bürolarının yaradılması planlaşdırılır. Həmin bürolar regionlarda turizm xidməti sahələrinin formalaşmasına, onun təşviqi işinin gücləndirilməsinə təsir göstərəcək. Bununla yanaşı, layihədə turizm informasiya mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, onların müasir dövrün tələblərinə cavab verən formada qurulması məsələsi ortaya qoyulub.

O, qeyd edib ki, hazırkı qanundan fərqli olaraq, yeni qanun layihəsində turizm növləri - sağlamlıq, sosial, ekoloji, ekstremal, kənd-yaşıl turizmi ayrıca qeyd edilib: "Lakin bu o demək deyil ki, bu gün Azərbaycanda yalnız həmin turizm növləri var. Azərbaycanda turizmin çox geniş növləri var. Lakin digər ölkələrin təcrübəsi və Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə görə, bu turizm növlərinə dövlət dəstəyinin vacibliyini nəzərə alaraq, onları qanun layihəsinə salmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti