...

"Quş qripi" ilə bağlı növbəti monitorinq keçiriləcək

Cəmiyyət Materials 1 Aprel 2016 15:13 (UTC +04:00)
Aprelin 4-də köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq, "quş qripi"nə görə növbəti monitorinqə start veriləcək.
"Quş qripi" ilə bağlı növbəti monitorinq keçiriləcək

Bakı. Trend:

Aprelin 4-də köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq, "quş qripi"nə görə növbəti monitorinqə start veriləcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Dövlət Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 15-də ictimaiyyət üçün açıqlanacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda "quş qripi" xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti