...

Sosial evlər kimlərə veriləcək?

Cəmiyyət Materials 11 Aprel 2016 17:03 (UTC +04:00)
Sosial evlər mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur.
Sosial evlər kimlərə veriləcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Sosial evlər mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Sosial mənzillərin inşasının çox vacib məsələ olduğunu deyən deputatın sözlərinə görə, belə mənzillərin tikintisi əhalinin mənzil təminatının yaxşılaşdırılmasının ən optimal üsullarından biridir: "Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni gündəmə gətirməklə, müvafiq qurumlara öz tapşırıqlarını verməklə bir daha göstərdi ki, Azərbaycan hökumətinin daxili siyasətində sosial siyasət prioritet istiqamət kimi davam edir və bundan sonra da davam edəcək".

Azərbaycanda mənzilə ehtiyacı olan insanların sayının çox olduğunu deyən M.Quliyev qeyd edib ki, belə insanların bir qismi ipoteka kreditləşməsi vasitəsilə mənzilə olan tələbatını ödəməyə çalışır, şəhid ailələri, məcburi köçkünlər isə dövlət tərəfindən mənzillə təmin edilir: "Amma digər kateqoriyalı insanların mənzillə təminatında çox ciddi çətinliklər var. Sosial evlər məhz bu kateqoriyadan olan insanlar, yəni mənzil almaq imkanı və imtiyazları olmayan, gəlirləri orta və ortadan aşağı olan insanlar üçün nəzərdə tutulur. Cənab Prezident də öz çıxışında dedi ki, yalnız Bakıda deyil, respublikanın digər şəhər və rayonlarında da sosial evlər tikiləcək".

M.Quliyev deyib ki, sosial evlər aşağı maya dəyəri ilə qısa müddətə tikilən evlərdir. Həmin evlərin sahəsi o qədər böyük olmasa da, yaşayış üçün şəraiti olur.

Deputat bildirib ki, sakinlər sosial mənzillərə köçdükdən sonra kirayədə qaldıqları müddət ərzində kirayə haqlarını kredit ödənişi kimi ödəyirlər. Mənzilin dəyərini tam ödədikdən sonra isə mənzili özəlləşdirərək onun tam sahibi olurlar.

Onun sözlərinə görə, mənzilin pulunun ödənilməsi üçün qoyulan müddət uzun, yaxud qısa ola bilər. Lakin bu, daha çox müqavilənin şərtlərindən asılı olacaq.

M.Quliyev bildirib ki, yaxın vaxtlarda sosial mənzil fondunun yaradılacağı gözlənilir: "Mənzillərin kreditləşdirilməsi, sosial evlərin maliyyələşdirilməsi həmin fondlar vasitəsilə həyata keçiriləcək. İnşallah, qısa vaxt ərzində biz bunun tətbiq edildiyini görəcəyik. Bununla yanaşı, sosial evlərin inşası iqtisadiyyatın bir çox sahələrində də dirçəlişə səbəb olacaq. Çünki Azərbaycanda tikinti materaillarının əksəriyyəti elə respublikada istehsal olunur. Sosial evlərin inşası tikinti mallarının istehsalı və satışı bazarını da canlandıracaq. İnşaat, xidmət və iaşə sektorlarında yeni iş yerləri açılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti