...

Azərbaycanda Dövlət İmtahan Mərkəzi yaradılıb

Cəmiyyət Materials 11 Aprel 2016 22:24 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Azərbaycanda Dövlət İmtahan Mərkəzi yaradılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, dövlət qulluğu üçün kadrların seçilməsini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsi yaradılır.

Fərmanda qeyd olunur ki, Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılsın.

Bu fərmanla "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilir.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir:

- Nizamnamənin təsdiqi;

- nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

Müəyyən edilir ki, Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir. Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 milyon manatdır.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmanın 5-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının istifadəsində olan dövlət əmlakının Dövlət İmtahan Mərkəzinin balansına verilməsini təmin etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Maliyyə Nazirliyi bu fərmanın 4.2-ci bəndinə uyğun olaraq, Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondunun formalaşdırılması ilə bağlı məsələləri həll edəcək, Dövlət İmtahan Mərkəzinin ilkin mərhələdə fəaliyyətini Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün nəzərdə tutulmuş xərclər hesabına təmin edəcək.

Ləğv edilənədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv etmək səlahiyyəti Nazirlər Kabinetinə verilir.

Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti